Vaxt.Az

Kanada mənzil problemi


 

12 illik hökümətin miqrant çarəsi yeni böhrana səbəb olub

Kanada mənzil problemi Mənzil böhranı ilə üzləşən Kanadada hökumət ölkəyə gələn xarici tələbələrin sayını məhdudlaşdırmağı planlaşdırır.

Yaşlanan əhali üzündən immiqrasiyadan asılı olan Kanada iqtisadiyyatını xilas etmək üçün Castin Trüdo hökuməti immiqrantların qəbulunu ilbəil artırırdı. Amma bu həll yolu digər böhrana səbəb olmağa başlayıb.

İnşaat xərclərində inflyasiyanın yavaşlamasına baxmayaraq, mənzil krizi tam sürətlə yüksəlir. Buna səbəb kimi immiqrantlar və xarici tələbələrin sayının həddən artıq artması göstərilir.

Kanada mətbuatında yer alan xəbərlərə görə, immiqrasiya naziri Mark Miller Kanadada yaşamağa icazə verilən əcnəbi tələbələrin sayına məhdudiyyət qoyulacağını bildirib.

Sayın çoxluğuna diqqət çəkən nazir “rəqəmlər narahatlıq doğurur. Bu, həqiqətən nəzarətdən çıxan bir sistemdir”, – deyib.

Kanadalı nazir sözlərinə görə, ilin birinci və ikinci rübündə tələbələrin sayında nə qədər azalma tətbiq olunacağı ilə bağlı araşdırma aparılır. Miller həmçinin məsələnin əyalət hökumətləri ilə də müzakirə edildiyini bildirib.

Rəsmi məlumatlara görə, Kanadada 800 mindən çox əcnəbi tələbə var. Bu rəqəm 2012-ci ildə 275 min idi. Kanadada tələbələrə daha asan iş icazələri verilməsi dünyanın hər yerindən gələn tələbələr üçün cəlbedici olub.

Trudeau başda olmaqla liberallar 8 ildən çox hakimiyyətdə olduqdan sonra son zamanlar tənəzzülə uğrayıblar. Son sorğular müxalifətdə olan Mühafizəkarların nüfuzunun artdığını göstərir.

Rəy sorğuları da göstərir ki, kanadalılar immiqrasiyanı mənzil böhranının və ictimai xidmətlərdəki problemlərin ən mühüm səbəbi kimi görür.

Kanada əhalisinin 2023-cü ilin üçüncü rübündə 430 min nəfərlik artımı 1957-ci ildən bəri ən böyük statistik göstərici olaraq qeydə alınıb.

 





15.01.2024    çap et  çap et