Yuxarıda qeyd olunanlar işin müsbət tərəfləri olsa da, bəzi maraqlı detallar da var. Belə ki, yeni standart tətbiq olunandan sonra ölkəyə Dubaydan avtomobillərin gətirilməsi dayanıb. Bu da ölkədə fəaliyyət göstərən avtomobil salonlarının işinə ciddi təsir edib. Eyni zamanda istehsal tarixi 2000-ci ildən əvvəl olan maşınların qiymətinin qalxacağı da proqnozlaşdırılır. Yeni avtomobillərdə isə qıtlıq yaranacağı və qiymətləri düşəcəyi ehtimal olunur.
Belə bir versiyalar da səslənir ki, əslində «Avro-4» standartının tətbiq olunması Aİ-95 markalı benzinin qiymətinin qalxması üçün ortaya atılmış bir addımdır. Belə ki, ölkədə avtomobil sahibləri daha çox Aİ-92 markalı benzindən daha çox istifadə edirlər. Hazırda Aİ-92 və Aİ-95 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün müvafiq olaraq 70 və 80 qəpikdir. Ekspertlər yeni standartın tətbiqi ilə xarici istehsal avtomobillərdə istifadə olunan Aİ-95 markalı benzinin qiymətində «oynama» olacağını da proqnozlaşdırır.
«Qafqazinfo» yeni standartın tətbiqinin avtosalonların, rəsmi distributorların fəaliyyətinə necə təsir göstərəcəyini araşdırıb.
Avtosalon» İdeal»ın nümayəndəsi Səfərəliyev Namiq mövzu ilə bağlı bunları deyib: «Camaatın 35-40 minlik maşın almağa imkanı yoxdur. Belə olan halda maşınların qiyməti düşəcək. Bunu edənlər hamısı məmurlardır. Onlar bazarda monopoliya yaradırlar. Avropadan 2005-ci il buraxılışlı maşını gətirib kimə sataq? Hansı orta təbəqənin pulu var ki 35-40 minə maşın alsın? Dubaydan da maşın gətirmək olmaz. Deyirlər ki, «Avro-2»-dir. Sıfır maşınları da vura bilmirik. Çünki yapon istehsalı olan maşınlar 2011, Koreya istehsallı maşınlar isə 2006-cı ilin buraxılışıdır. Xırda bizneslə məşğul olanlar bu maşınları ölkəyə gətirə bilmir. Hazırda Babək prospektində nə qədər avtosalon varsa, hamısı yer pullarının qiymətini aşağı salıb. Badamdarda olan maşın bazarında isə gün-gündən qiymət qalxır. Belə getsə, bu biznesin axırı olmayacaq».
«Neptun» Avtosalonun nümayəndəsi Anar Mirzəyev isə bildirib ki, «Avro-2» standartına cavab verən maşınları ölkəyə gətirməyə icazə vermirlər: «Biz əsasən maşınları Dubaydan gətirdirik. Dubayda da «Avro-2» standartıdır. Bugünkü vəziyyətdə biz «Avro-4» standartında olan maşınları gətirə bilmirik. Ona görə də işimizə mənfi təsir edir. Çalışıb Avropa dövlətlərindən maşın gətirməliyik. Bu da uzun müddət bizim işimizdə fasilələr yaradacaq. Keçid dövrü ilə əlaqədar maşın bazarında qıtlıq yarana bilər. Eyni zamanda süni qiymət artımına da səbəb ola bilər».
Nissan avtomobillərinin Azərbaycandakı rəsmi distributoru olan «NURGÜN Motors»un nümayəndəsi Əlifov Yaşar isə «Avro-4» standartının tətbiqinin onların fəaliyyətinə heç bir təsir göstərməyəcəyini qeyd edib: «Biz onsuz da rəsmi distributoruq. Salonlarımızdakı maşınlar «Avro-4» standartlarına cavab verir».
«Kia Motors»Azərbaycan nümayəndəliyindən isə bildirdilər ki, bu standart hələ yeni tətbiq olunmağa başlayıb: «Təsir edib-etməyəcəyini yaxın günlərdə biləcəyik. Amma biz rəsmi distributor olduğumuz üçün fəaliyyətimizə təsir edəcəyini düşünmürəm».
Mövzu ilə bağlı «Qafqazinfo» iqtisadçı ekspert Samir Əliyevdən də münasibət öyrənib. Ekspert bildirib ki, bu addımın atılmasının iki müsbət tərəfi var: «Bu standartın tətbiqi köhnə standartlı maşınların ölkəyə gətirilməsinin qarşısını alır. Ekoloji baxımdan yaxşıdır. Köhnə maşınlar havanı zəhərləyir. Maşınların sayı da günü-gündən artır. Əsas yük də paytaxtın üzərinə düşür. İkincisi isə, bu qayda maşın parkını da yeniləyəcək. Son illərdə Avropanın işlənmiş maşınları keçmiş SSRİ ölkələrinə axışırdı. İstənilən halda mən bu addımı müsbət dəyərləndirirəm. Çünki ekologiyanın təmizlənməsi çox vacibdir»
Məsələnin iqtisadi tərəflərinə də toxunan ekspert bildirib ki, bununla köhnə maşın parkında olan avtomobillərin qiyməti qalxacaq: «Burda şərtlər çox ağırdır. Amerika və Avropa istehsallı maşınlara münasibətdə şərtlərdə nisbətən yumşaqlıq var. Məsələn, Rusiyadan 2013-cü ilin maşınları gətirilə bilər. Bu eyni zamanda əhalinin avtomobilə əlçatanlılığının azalmasına gətirib çıxaracaq. Tıxacların isə kəskin sürətdə artmasının qarşısını alacaq. Əvvəllər tələbat çox olduğuna görə, maşınları kütləvi şəkildə Gürcüstandan gətirirdilər».
Yeni standartın Aİ-95 markalı benzinin qiymətinin qalxmasına səbəb olacağı ehtimalını da dəyərləndirən S. Əliyevin sözlərinə görə, hazırda əhali daha çox Aİ-92 markalı benzindən istifadə edir:
«Standartın tətbiqi nəticəsində Aİ-95 markalı benzinə tələbat artacaq. Çünki yeni avtomobillər Aİ-95 markalı benzinlə işləyəcək. Bir müddətdən sonra qiymət artımı baş verə bilər. Bugünkü şərtlərdə benzinin qiymətini tələbat müəyyənləşdirmir. Tələbat bazar qiymətləri ilə müəyyənləşən zaman tənzimlənir. Hazırda Aİ-98 markalı benzinin qiyməti 1.50 qəpikdir. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev də mətbuata açıqlamasında demişdi ki, Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan «Avro-5» ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri tarifləri (qiymətləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına aid edilməyib».