Vaxt.Az

“... Müharibəyə hazır ol”


 

Lukaşenko: “Əgər sülh istəyirsənsə, ...”

“... Müharibəyə hazır ol” Belarus lideri Aleksandr Lukaşenko aprelin 2-də Qrodnoda tikiləcək yeni xəstəxananın təməlqoyma mərasimində çıxış edib. Mərasimin Belarusun qonşu ölkələrə mesajı kimi qiymətləndirilə biləcəyini deyən Belarus prezidenti “qonşularımız sərhəd bölgələrini tanklara qarşı qazıblar, rifahı artırmaq üçün qazıblar” deyib. “Biz gələcəyimizi sülh yolu ilə qurmaq istəyirik”, – Lukaşenko bildirib.

“Müharibə istəyirik deyənlərə inanmayın” deyən Belarus lideri hələ də müharibəyə hazırlaşdıqlarını bildirib. Lukaşenko, “Mən bunu açıq deyirəm: Biz müharibəyə hazırlaşırıq. “Sülh istəyirsənsə, müharibəyə hazır ol” deyimi çox doğrudur”, – deyib.

Hərbi təlimlər keçirdiklərini, əsgərləri silah və texnika ilə təmin etdiklərini ifadə edən Lukaşenko, "Dost olmayan ölkələr bizi tənqid edirsə, bilin ki, biz doğru olanı edirik. Əgər bizi tərifləməyə başlasalar, başımıza bəla olar”. Heç kəsi təhdid etmədiklərini vurğulayan Lukaşenko, “Biz başqalarının torpağını istəmirik”, – deyib.

Lukaşenko onu da bildirib ki, Belarus rəsmilərinə Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalardan şikayət etmək qadağan edilib.

“Müdirə, məmura və ya biznes sahibinə özünü yormaq, işləməkdən yayınmaq imkanı verilsə, o, bundan istifadə edər. Ona görə də əvvəldən dedim: sanksiya yoxdur, bunu unudun. Sizin üçün sanksiyalar deyilən bir şey yoxdur”, – Belarus lideri bildirib.

Avropa İttifaqı Belarusda 2020-ci ildə keçirilən prezident seçkilərinin saxtalaşdırıldığını əsas gətirərək bu ölkəyə qarşı sanksiyalar tətbiq edib.

24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsində Moskvaya dəstək verdiyi üçün Minsk Qərb ölkələrindən bir çox sanksiyalara məruz qalmışdı.

 





02.04.2024    çap et  çap et