Vaxt.Az

Mehriban Əliyeva toplantı keçirdi


 

Azərbaycanın birinci xanımının Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ilə də görüşü olub

Mehriban Əliyeva toplantı keçirdi Azərbaycanın birinci xanımı, Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva toplantıda iştirak edib.

Toplantıdan əvvəl Mehriban Əliyeva ilə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin görüşü olub. Görüşdə ikitərəfli əməkdaşlıq, Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq və digər məsələlər müzakirə edilib.

Daha sonra Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilib. Toplantıda çıxış edən Mehriban Əliyeva Patrik Hikkiyə yenidən Avropa Olimpiya Komitəsinin prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıb.

«Bizim Avropa Olimpiya Komitəsi ilə qarşılıqlı işbirliyimiz möhkəm təməl üzərində qurulub» - deyən Mehriban Əliyeva Azərbaycanın dəfələrlə beynəlxalq yarışlara ev sahibliyi etdiyini xatırladıb, bu oyunların keçirilməsində də Avropa Olimpiya Komitəsinin tövsiyələrinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb: «Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi bizim əsas və ümumi məqsədimizdir. Azərbaycan bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək. Su İdmanı Növləri Sarayının, Milli Gimnastika Arenasının, Bakı Atıcılıq Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər obyektlərin inşaat işlərinin, eyni zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında bitəcəyindən xəbər verir. Milli Gimnastika Arenası demək olar ki, artıq hazırdır. Biz bu ilin iyununda orada bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsini nəzərdə tuturuq. Bütün idman obyektləri, orada quraşdırılan qurğular sınaqdan keçirildikdən və istismara tam hazır olduğu müəyyənləşdirildikdən sonra istifadəyə veriləcək.

Dövlətimiz bu oyunların hazırlanmasına olduqca diqqət edir. Xalqımız, xüsusilə də paytaxt sakinləri və Azərbaycanın idman ictimaiyyəti bu oyunlara hazırlıq işlərini həvəslə izləyir. İnanıram ki, məhz bu dəstək bizə faydalı olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları bu sahədə yeni standart olsun».

 





03.04.2014    çap et  çap et