Bildirilir ki, Sumqayıt rəhbərliyinə maarifləndirmə işlərinin aparılmaması, prosesə laqeyd yanaşılması ilə bağlı iradlar tutulub. Onlardan baş verənləri ciddiyə almaq, maarifləndirmə işi aparmaqla və başqa uyğun üsullarla prosesi əngəlləmək tələb olunub.
Məlumatlarda iddia edilir ki, hətta Eldar Əzizov və hüquq-mühafizə orqanlarının rəhbərləri işdən çıxarılacaqları ilə də hədələnib. Məlumat üçün deyək ki, vəhhabiliyin radikal qanadı hesab edilən xəvaricilər daha çox Sumqayıtda təşkilatlanıblar. Hətta bəzi məlumatlara görə, xəvaricilər Sumqayıtı müqəddəs şəhər elan ediblər. Onlar Azərbaycanın başqa bölgələrində təzyiqə məruz qalan xəvariciləri Sumqayıta mühacirət etməyə çağırırlar. Bu isə xəvaricilərin şəhərdə daha da çoxalması ilə nəticələnir. Onlar vəhhabiliyin digər qanadı olan sələfiləri də öz sıralarına qatmaq üçün ciddi çabalar göstərir. Təsadüfi deyil ki, 2013-cü ilin dekabrın 11-də Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən çayxanada xəvaricilərlə sələfilər arasında atışma baş vermişdi. Atışmanın kökündə Suriyaya döyüşə getmək məsələsi dayanırdı. Xəvaricilərin nümayəndəsi sələfi təriqətinə mənsub şəxsləri Suriyaya döyüşə təhrik etmişdi. Nəticədə tərəflər arasında mübahisə yaranmış və silahlara əl atılmışdı.