Vaxt.Az

Moskva Tehranla masaya oturur


 

İrəvana isə Brüssel səfəri ərəfəsində xəbərdarlıq göndərir

Moskva Tehranla masaya oturur Rusiya və İran strateji tərəfdaşlığı dərinləşdirən yeni saziş imzalamağa hazırlaşırlar. Mətn üzərində çalışmalar bitmək üzrədir, iki ölkənin diplomatları son bəndləri razılaşdırırlar. Sazişi iki ölkənin prezidentləri Vladimir Putin və İbrahim Rəisi imzalayacaqlar. Yeni sazişə ehtiyac o səbəbdən yaranıb ki, son illərdə iki ölkə arasında strateji əməkdaşlıq dərinləşib, siyasi və iqtisadi əlaqələrə hərbi-texniki yardımlaşma da əlavə olunub. Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi İran istehsalı olan dron və raketlər buna sübutdur. Bu arada, Moskva İsrailin İranın Suriyadakı konsulluq binasına raket zərbəsini qətiyyətlə pisləyib. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi İsrailin İran konsulluğuna zərbəsini təşkilatın müzakirəsinə çıxarıb. Halbuki, Rusiyanın keçmiş illərdə İsraillə tərəfdaşlıq münasibətləri var idi, Kreml sahibi bu ölkəyə səfər də etmişdi. Kreml İranı seçib.

Rusiya-İran strateji tərəfdaşlığının və yeni sazişin Cənubi Qafqaz, o cümlədən Azərbaycana hansı təsirləri ola bilər? Azərbaycanla İran arasında münasibətlərdə sualların sayı azalmır. Azərbaycanın Rusiya ilə münasibətlərində isə hazırkı mərhələdə dərin fikir ayrılığı yoxdur. Buna baxmayaraq, Rusiya İranın strateji tərəfdaşı, hətta müttəfiqi kimi çıxış edəcəksə, bu, Kremlin Tehranın Azərbaycana yönəlik siyasətini də dəstəkləməsi anlamı daşıyacaq. Bu isə artıq Azərbaycan maraqlarına toxunacaq.

***

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Zvezda” telekanalına müsahibəsində Moskvanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) regionda vəziyyətin gərginləşməsi zamanı Ermənistana kömək etməməsi ilə bağlı bəyanatları yalan adlandırıb. “Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib” deyən Zaxarova İrəvanın Qarabağla bağlı qərarlarını NATO-nun təsiri altında verdiyini bildirib. Zaxarova bununla demək istəyib ki, İrəvan NATO-ya deyil, Rusiyaya arxalansaydı, Kreml Qarabağın Azərbaycanın nəzarətinə keçməsini əngəlləyərdi. Birincisi, NATO Ermənistana təhlükəsizlik təminatı verməyib ki, İrəvan Qarabağla bağlı Şimali Atlantika Blokundan dəstək gözləyərdi. İkincisi, İrəvan Kremlə arxalanaraq KTMT-dən dəstək istəsəydi belə, bu Azərbaycanın Qarabağı nəzarətə götürməsinə mane olmayacaqdı.

Mariya Zaxarova Brüsselə səfərə hazırlaşan baş nazir Nikol Paşinyana Kremlin növbəti xəbərdarlıq mesajını da gönərib: “Ermənistanla Azərbaycan arasında yeni gərginlik İrəvanın Avropa İttifaqı, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır”. Zaxarova bu cümləsi ilə Azərbaycanın yerinə qərar verib. Azərbaycan 4 kəndin geri qaytarılmasını istəyir, ancaq İrəvanın ABŞ, Avropa İttifaqı və ya Böyük Britaniya ilə yaxınlığına görə yeni müharibəyə başlamayacaq.

 





03.04.2024    çap et  çap et