“Onlar inanılmaz bir səs eşidiblər. Cisim tavanda və döşəmədə deşik açıb”, – Otero deyib.
Ev sahibi onu da deyib ki, silindrik formada olan cisim az qala oğluma dəyəcəkmiş.
NASA-nın verdiyi açıqlamada baş verən hadisə ilə bağlı araşdırmaya başlanıldığı açıqlanıb.
NASA sözçüsü Coş Finç, təxminən 1 kiloqram ağırlığında olan cismin haradan gəldiyini müəyyən etmək üçün Floridadakı Kennedi Kosmik Mərkəzində araşdırma apardıqlarını söyləyib.
Otero “Twitter” hesabında evə dəyən cismin şəklini də paylaşıb.
Britaniyalı astrofizik Conatan Makdouell bildirib ki, cisim BKS-in batareyasını dəyişdirmək üçün istifadə edilən 2,6 tonluq avadanlıqdan qopmuş ola bilər.
“EP-9” adlanan akkumulyator paleti BKS-də 9 tükənmiş batareyadan ibarət idi. Batareyanın dəyişdirilməsindən sonra bu hissələrin idarə olunan şəkildə Yerə qaytarılması planlaşdırılırdı. Lakin bəzi nasazlıqlar səbəbindən batareyalar cədvəl üzrə göndərilə bilməyəndə NASA 2021-ci ilin martında orbitdən sərbəst düşməsi üçün parçanı BKS-dən ayırdı.
Otero, evinə dəyən zərərin ödənilməsi üçün səlahiyyətlilərdən xəbər gözlədiyini bildirib.
Missisipi Universitetindən Mişel Hanlon zərərin ödənilməsi prosesinin mürəkkəb ola biləcəyinə diqqət çəkib. Akademik bildirib ki, həmin hissənin xarici mənşəli olduğu müəyyən olunarsa, dəymiş ziyan istehsalçı ölkə tərəfindən ödənilməli ola bilər.
Populyar elmi sayt olan “Ars Technica”nın məlumatına görə, batareyalar NASA-ya məxsusdur, lakin hissənin BKS-dən ayrılmasına imkan verən mexanizm Yaponiya tərəfindən istehsal edilib.