Vaxt.Az

Məşhur vokalçı ABŞ-də anılacaq


 

Kaliforniyada Çingiz Sadıqovun xatirəsinə konsert təşkil olunacaq

Məşhur vokalçı ABŞ-də anılacaq Görkəmli Azərbaycan pianoçusu, ömrünün son illərini ABŞ-də yaşamış Çingiz Sadıqovun (1929–2017) anadan olmasının 95 illik yubileyi münasibətilə aprelin 12-də Kaliforniya ştatındakı İctimai Musiqi və İncəsənət Məktəbində xatirə konserti keçiriləcək. Konsertdə əslən İrandan olan Amir (piano) və Vahid Bayat (vokal), Aydın Şaterian (tar) və afişada xüsusi qonaq kimi dəvət edildiyi bildirilən İmamyar Həsənov (kamança) çıxış edəcəklər.

Vaxtilə Azərbaycanın məşhur vokalçılarını və müğənnilərini müşayiət etmiş Çingiz Sadıqov Birləşmiş Ştatlara köçdükdən sonra da musiqiçi kimi fəaliyyətini davam etdirib. Həm Azərbaycan diasporunun tədbirlərinə qatılıb, həm də müstəqil olaraq ABŞ və Kanada şəhərlərində konsertlərdə çıxış edib, Azərbaycan musiqisinin təbliğinə töhfələr verib.

ABŞ-də yaşayan tanınmış ifaçı İmamyar Həsənov Çingiz Sadıqovla sənət əməkdaşlığını belə xatırlayır: “Çingiz müəllimlə mənim ilk görüşüm 2005-ci ildə, San-Fransisko Dünya Musiqi Festivalında oldu. Elə ilk görüşümüzdən belə qərara gəldik ki, ikimizin ifasında bir albom yazdıraq. Şəxsən mənim üçün bu albomun çox önəmi vardı. 2015-ci ildə isə “Sonsuz məhəbbətim” adlı albomumuzda 86 yaşlı sənətkarın məni müşayiət etməsi mənim üçün böyük şərəf oldu. Çingiz Sadıqov Azərbaycan musiqisini sevənlərin ürəklərində daima yaşayacaq”.

Kaliforniyadakı Azərbaycan Evi sosial şəbəkə hesablarında qarşıdakı konserti ecazkar Azərbaycan musiqisi gecəsi kimi təqdim edir: “Azərbaycanın zəngin musiqi irsinin incə melodiyaları və şux ritmlərinin aləminə baş vuracaq, Azərbaycan musiqisinin füsunkar gözəlliyini hiss edəcəksiniz”.

 





05.04.2024    çap et  çap et