Vaxt.Az

“Bond iş başındadır”


 

Xəfiyyəçilik muzeyində sərgi

“Bond iş başındadır” Vaşinqtondakı Beynəlxalq Xəfiyyəçilik Muzeyində “Bond iş başındadır” (“Bond İn Motion”) adlı sərgi açılıb. Sərgidə məşhur kino silsiləsinin qəhrəmanı “Agent 007” və onun mübarizə apardığı bədxahların istifadə etdiyi nəqliyyat vasitələri nümayiş olunur.

Ekspozisiyaya “EON Productions” arxivindən və Ceyms Bond haqqında əsərlərin müəllifi Yan Fleminqin adını daşıyan fonddan 17 “Agent 007” avtomobili daxil edilib.

Girişdə qonaqları gümüşü rəngli, 1964-cü ildə Ceyms Bond seriyasından olan “Goldfinger” trillerində görüntülənən JB007 nömrəli “Aston Martin DB5”  qarşılayır. Avtomobil təkər montaj dəzgahları, güllə keçirməyən qalxanlar, radar idarəetməsi üçün panel ekranı, fırlanan nömrə nişanı və katapult edə bilən oturacaqla təchiz olunub.

Muzeyin sərgi salonlarında isə avtomobil həvəskarları “Öl, amma indi yox” (2002) filmindəki “Aston Martin Vanquish” və parlaq yaşıl rəngli “Jaguar XKR”, “Mərhəmət kvantları” filmindəki (2008) “Aston Martin DBS” və “Qızıl tapançalı adam”dakı (1974) “AMC Hornet”i də görə bilərlər.

Beynəlxalq Xəfiyyəçilik Muzeyinin proqram direktoru Amanda Olkenin bildirdiyinə görə, ictimaiyyət ilk dəfə casusluqla (xəfiyyəçiliklə) pop mədəniyyət – filmlər, televiziya serialları və kitablar vasitəsilə tanış olur: “Hətta casus alətləri hazırlayan həqiqi kəşfiyyat xidmətləri belə bu ecazkar filmlərdən və nəqliyyat vasitələrindən ilhamlanıblar”.

Sərgidə “Q Branch” qarajından olan avtomobillər, motosikletlər, sualtı qayıqlar və digər nəqliyyat vasitələri ilə yanaşı, həmçinin rekvizitlər, irimiqyaslı modellər və filmlərdən fraqmentlər nümayiş olunur.

Sərgi 2025-ci ilin aprel ayına qədər davam edəcək.

 





05.04.2024    çap et  çap et