Martın 29-da M.F.Axundzadə adına Milli Kitabxanada şairin yubileyinə həsr olunan tədbir keçirildi.
Mədəniyyət Nazirliyi, Milli Kitabxana və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə elm və mədəniyyət xadimləri, ədibin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov tədbiri açaraq Əli Tudənin həyat və yaradıcılıq yolundan danışdı. Qeyd etdi ki, əslən Cənubi Azərbaycandan – Ərdəbilin Çanaxbulaq kəndindən olan şairin valideynləri ötən əsrin əvvəllərində Şimali Azərbaycana köçüblər. Əli Tudə Bakıda dünyaya göz açıb. Bir yaşında ikən atası, beş yaşı olanda isə anası dünyasını dəyişib. Nənəsinin himayəsində böyüyən Əli 13 yaşında ədəbiyyat dərnəyinə üzv olur. Şeirləri dövri mətbuatda dərc olunur. 30-cu illərin sonlarında sovet rejiminin repressiya dalğasının tüğyan etdiyi dövrdə Cənubi Azərbaycandan ölkəmizə mühacirət etmiş soydaşlarımıza qarşı da hücumlar olduğundan Əli Tudə ata yurduna köçmək məcburiyyətində qalır. 1940-cı ildə Cənubi Azərbaycanda azadlıq hərəkatı başlayır. O da inqilabi hərəkata qoşulur. Bütün varlığını və istedadını bu mübarizəyə həsr edir. Milli ruhlu şeirlər yazır və xalqı istiqlala səsləyir. Əli Tudə həmçinin Təbrizdə mətbuatın inkişafında böyük rol oynayır. Təbrizin şairlər məclisində ona “tudə”, yəni “xalq” təxəllüsü verilir.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-publisist Sayman Aruz qeyd etdi ki, Əli Tudə 1945-ci ildə qurulan Cənubi Azərbaycan Milli Hökumətinin Maarif Nazirliyində şöbə müdiri işləyib. “Ana dili” kitabının tərtibi və çap olunmasında fəal iştirak edib. Təbrizdə filarmoniya yaradılan zaman o, Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzərək istedadlı gəncləri bu mədəniyyət ocağına cəlb edir. Milli Hökumət onu ən ali təltiflə – “21 Azər” medalı ilə mükafatlandırır.
S.Aruz şairin 100 illiyi münasibətilə Yazıçılar Birliyi tərəfindən yubiley medalnın təsis olunduğunu da diqqətə çatdırdı.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə elmlər doktoru Esmira Fuad Əli Tudənin Təbriz filarmoniyasını yaratmasından və yaradıcılığının ideya-bədii xüsusiyyətlərindən danışdı.
Balaş Azəroğlunun oğlu Etibar Abizadə, Əli Tudənin dostu Məmmədəli Hüseyni, M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyal, nizamişünas Qasım Cahaninin qızı Sədaqət Cahani, şair-publisist Fəxrəddin Meydanlı və digərləri Əli Tudənin həyat və yaradıcılıq yolundan bəhs etdilər, xatirələrini bölüşdülər.
Çıxışlardan sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Əli Tudə – 100” adlı elektron məlumat bazası nümayiş olundu.