Vaxt.Az

“Qurdlar və qoyunlar” Bakıya gəlir


 

Görməyə hazırsınız?

“Qurdlar və qoyunlar” Bakıya gəlir Moskvanın məşhur “Pyotr Fomenkonun Emalatxanası” Teatrı mayın 18-də və 19-da Bakıda qonaq olacaq. Kollektiv iki axşam Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Aleksandr Ostrovskinin eyniadlı pyesi əsasında hazırlanmış “Qurdlar və qoyunlar” komediyasını paytaxtımızın teatrsevərlərinə təqdim edəcək.

Tamaşaçısını sevən, klassik irsə hörmət edən bütün Rusiya teatrları A.Ostrovskinin yaradıcılığına müraciət edir. Maraqlıdır ki, qonağımız olacaq teatrda bu tamaşanın premyerası 1992-ci ilin mayında olub. Əfsanəvi teatr xadimi Pyotr Fomenkonun (1932–2012) quruluş verdiyi “Qurdlar və qoyunlar” 32 ildir ki, klassikaya incə və sayğılı münasibəti, əsərin tamamilə yeni çalarlarının açılması ilə tamaşaçıları cəlb edir. Səhnə əsəri ötən il yenilənən heyətlə Bakıda oynanılacaq.

Pyotr Fomenkonun dəyişməz quruluşunda təqdim edilən tamaşanın rejissoru Ma Çjen Xun, rəssamı Tatyana Selvinskaya, musiqi tərtibatçısı Boris Qorbaçovdur.

Tamaşada aktyorlar Nataliya Kurdyubova (Meropiya Murzavetskaya), Aleksandr Morovov və Dmitri Zaxarov (Apollon Murzavetski), Mariya Andreyeva (Qlafira Alekseyevna), Yekaterina Smirnova (Yevlampiya  Kupavina), Qalina Kaşkovskaya (Anfusa Tixonovna), Aleksey Kolubkov (Mixail Lınyayev) və b. çıxış edirlər.

Tamaşa haqqında teatrın saytında verilən məlumatın sonunda seyrçilərə bir xatırlatma da var: “Qurdlar və qoyunlar”ın nümayişi zamanı müəllifin remarkalarını və rejissorun müəyyən etdiyi yaradıcı tapşırıqları yerinə yetirən aktyorlar səhnədə siqaret çəkirlər. Təşkilatçılar tamaşaya gələnlərə bu informasiyanı nəzərə almağı təklif edirlər.

 





05.04.2024    çap et  çap et