Bəs əsgərlər kimləri qoruyacaqdı? Rayonun boşaldılmasını görən döyüşçü ürəklə döyüşəcəkdimi?
Kəlbəcərin işğalından 21 il ötdükdən
sonra bu sualı hərbi ekspertlərə ünvanladıq. Cavablar kifayət qədər maraqlı
oldu.
Hərbi ekspert Üzeyir Cəfərov Kəlbəcərin
milli ordunun formalaşmadığı bir vaxta düşmən əlinə keçdiyini və orada
insanların qalması faktının daha böyük itkilərə səbəb ola biləcəyini dedi. Onun
sözlərinə görə, 58 minlik Kəlbəcər sakinin həyatını riskə atmaq olmazdı və
onların Kəlbəcərdən çıxarılması düzgün addım idi.
«Bizim bəzi rayonlarımız var ki, onlar
döyüşsüz düşmənə təslim olub. Amma Kəlbəcər bura aid deyil. Rayon 1992-ci il
apreilin 2-də bir neçə gün davam edən amansız döyüşlərdən sonra düşmən əlinə
keçib. Kəlbəcər uğrunda gedən döyüşlərdə insanlara divan tutuldu. Dinc
insanlarımız həlak oldu», - deyə Üzeyir Cəfərov bildirib.
Hərbi ekspert 21 il əvvəl dinc
insanların təhlükəsiz ərazilərə köçürülməsi prosesinin düzgün aparılmadığına da
diqqət çəkib. Üzeyir Cəfərovun sözlərinə görə, əhalinin oradan çıxarılması daha
operativ formada həyata keçirilə bilərdi və buna diqqət yönəldilməli idi.
«Rəhbərlik vaxtında qabaqlayıcı
tədbirlər görsəydi ordu çox şeylər edə bilərdi. Müdafiədə bir sıra səhvlərə yol
verildi. Kəlbəcərlə bağlı o vaxt hərbi hissənin komandiri olmuş polkovnik
Əzizağa Qənizadə məsuliyyətə cəlb olundu. Açığını deyim ki, o zaman Əzizağa
Qənizadəni günahlandırmaq düzgün deyildi. Çünki o zaman əliyalın və müdafiəsiz
qalmış Kəlbəcərin müdafiəsini marşal da təşkil edə bilməzdi. Bir sözlə Kəlbəcər
Azərbaycan-Ermənistan müharibəsində öyrəniləsi və nəticə çıxarılası bir döyüş
rayonu olub. Erməni erməniliyini bir daha sübut elədi və Kəlbəcəri də bir neçə
gün gedən döyüşlərdən sonra amansızcasına işğal etdi».
Hərbi psixoloq Azad İsazadə hesab edir
ki, Kəlbəcərdən əhali düşünülmüş formada köçürülməli idi.
«Bəzi hallarda özünə əminlik varsa və
əhalin itkisinin qarşısını almaq üçün insanları döyüş gedən ərazidən çıxara
bilərlər. Bəzən isə yerli əhali orduya kömək edir və döyüşlərdə iştirak edir.
Real olaraq Kəlbəcərə kömək etmək üçün ehtiyatda qüvvə yox idi. Kəlbəcərin
döyüşən hissəsi faktiki olaraq mühasirəyə düşmüşdü. Bir neçə batalyon qalmışdı.
Əhalinin çıxması rezervləri Murovdağdan çəkməyə çətinlik yaratdı. Nəticədə
yollar bağlandı. Vəziyyət gərginləşdikdən sonra mərkəzləşmiş formada birdən
əhalini vertalyotla çıxarmağa başladılar», - deyə Azad İsazadə bildirib.
Hərbi psixoloq əhalinin o zaman Kəlbəcərdən
çıxarılmasını səhv addım kimi qiymətləndirməyin düzgün olmadığı fikrindədir.
Azad İsazadə əhalinin Kəlbəcərdən çıxarılmasının düşmənə müqavimət göstərən orduya psixoloji cəhətdən mənfi təsir etdiyindən də danışıb: «Əhalinin oradan çıxarılması birmənalı olaraq orda müqavimət göstərən orduya psixoloji olaraq təsir elədi. Yaddan çıxarmaq lazım deyil ki, Kəlbəcər briqadasının əksəriyyəti yerli batalyonlar idi. Bunu biz Ağdamda və Füzulidə də görmüşük. İstər istəməz batalyonun bir hissəsi bir və ya iki saatlıq mövqeləri tərk edirdi ki, öz ailəsini yerbəyer edib qayıtsın. Bu da istər Şuşanı, istərsə digər zonaları müdafiə edən qüvvələri zəiflədirdi».