İRNA rəsmi xəbər agentliyinə danışan Sistan-Bəlucistan Böhran Mərkəzinin sədri Məcid Muhibbi, daşqın zamanı dəmir yolunda işləyən 3 işçinin su altında qalaraq öldüyünü açıqlayıb. O da bildirilib ki, daha 5 nəfər, o cümlədən 5 yaşlı uşaq həyatını itirib.
Sistan-Bəlucistan Ətraf Mühit Təşkilatı tərəfindən dünən yayımlanan açıqlamada timsahların sel səbəbiylə təbii yaşayış yerlərini tərk edərək şəhərlərə enə biləcəyi xəbərdarlığı edilib.
Elmi adı “Crocodylus palustris” olan və bataqlıq timsahı kimi də tanınan bu növə İran və Hindistanın cənubunda rast gəlinir.
Əyalət sakinlərindən sel suları tamamilə çəkilənə qədər bataqlıqlara, bataqlıq ərazilərə və vəhşi təbiətə yaxın yaşayış yerlərinə səyahət etməmələri xahiş olunub.
İran Qızıl Aypara Cəmiyyəti dünənki açıqlamasında iki avtobusda sıxışan 43 nəfərin xilas edildiyini bildirib.
Bazar ertəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanı vuran tufan İrana da çatıb.
BƏƏ-də yağıntının miqdarı 24 saatdan az müddətdə 254,8 millimetrə çatıb. Bu, ölkədə son 75 ilin ən yüksək yağıntısı kimi qeydə alınıb.
Dubayda bir çox yolları su basıb, uçuşlarda fasilələr yaranıb. BƏƏ-də daşqın nəticəsində bir nəfərin, Omanda isə 10-u uşaq olmaqla 20 nəfərin öldüyü bildirilib.