Romanın tarixi və mədəni gözəlliklərini tanıtmaq və onların dəyərini bilmək üçün fəaliyyətlər həyata keçirən Tarixi Roma Qrupu (Gruppo Romano Storico) şəhərin 2777-ci ildönümü münasibətilə tədbir təşkil edib. Tədbirdə Roma İmperatorluğu dövrünə aid əsgər, legioner, senator və qədim şəhər sakinlərinin paltarlarını geymiş insanlar şəhərin mərkəzində gəzintiyə çıxıb.
Tarixi şəhərin mərkəzindəki hippodrom sahəsi olan “Circo Massimo”dan başlayan gəzinti, Venesiya Meydanı, “Fori Imperiale” Bulvarı və Qədim Roma dövründən qalan Kolizey kimi əhəmiyyətli nöqtələrdən keçərək başlanğıc nöqtəsinə qayıtmaqla sona çatıb.
“Circo Massimo”da Romanın qurulmasını, onun tarix boyu inkişafını və qədim dövrlərdəki Roma həyatını əks etdirən vizual şoular keçirilib. Şəhərə gələn turistlərin gəzinti və şoulara böyük maraq göstərdikləri, dayanmadan şəkil çəkdirdikləri qeyd olunur.
Əfsanəyə görə, tarixçi və yazıçı Varrone dostu Lusio Taruzionun astroloji hesablamalarına əsasən şəhərin əsası eramızdan əvvəl 753-cü il aprel 21-də kral Romulus tərəfindən qoyulub.