“Euronews”un məlumatına görə, Fransa lideri EBRA regional mətbuat qrupuna müsahibəsində deyib: “Mən raketdən müdafiə sistemləri, uzaqmənzilli raketlər və nüvə silahlarına sahib olanlar və ərazilərində ABŞ-ın nüvə silahına sahib olanlarla bu müzakirənin açılmasının tərəfdarıyam. Gəlin hər şeyi masaya qoyaq və görək bizi həqiqətən etibarlı şəkildə qoruyan nədir”.
Avropanı ABŞ-dan daha az asılı edən “etibarlı” müdafiə strategiyası qəbul etməyə çağıran Makron, “etibarlı olmaq həm də rusları çəkindirmək üçün uzaq mənzilli raketlərə sahib olmaq deməkdir”, – deyib. “Fransanın doktrinası ondan ibarətdir ki, həyati maraqlarımız təhlükə altına düşəndə istifadə edə biləcəyimi nüvə silahlarımız var. Təfərrüatlara varmadan deyirəm ki, həyati maraqların Avropa ölçüsü var. Çünki bu çəkindirmə qitənin müdafiəsinin etibarlılığına töhfə verəcək”, – o bildirib.
Böyük Britaniya Avropa Birliyini tərk etdikdən sonra Fransa 27 üzvlü blokun öz nüvə silahına malik yeganə ölkədir. “Ümumi Avropa müdafiəsi” yaratmaq ideyası Parisin uzun müddətdir bəyan etdiyi məqsədlərindən biri olsa da, NATO çətirinin daha etibarlı olduğunu iddia edən digər Aİ ölkələrinin müqaviməti ilə üzləşir.