Yerli mətbuatın məlumatına görə, 75 yaşlı aktyor bu gün səhər saatlarında dindirilmək üçün Paris polisi tərəfindən saxlanılıb. Hadisə ilə bağlı polis, prokurorluq, Depardyenin vəkilləri və iddia edilən qurbanlardan birini təmsil edən vəkil mətbuatın suallarına cavablandırmayıb.
Paris prokurorluğu həbslə bağlı “indiki mərhələdə” şərh verə bilməyəcəyini söyləyib. “Associated Press”in suallarına cavab olaraq göndərilən elektron məktubda “mümkün ittihamları qiymətləndirməzdən əvvəl nə təsdiq və ya təkzib edəcəyimiz heç bir məlumat yoxdur” ifadəsi işlədilib.
Depardyenin vəkillərindən Kristian Sen-Pale bazar ertəsi Parisin 14-cü rayonunda polis bölməsinə daxil olarkən görüntülənib. BFM TV və “Le Parisien” qəzeti qeyd edib ki, polisə çağırış 2014 və 2021-ci illərdə çəkiliş zamanı təcavüzə məruz qaldığını iddia edən iki qadının ittihamları ilə bağlıdır.
Bu ittihamlara əlavə olaraq, Depardye 10-dan çox başqa qadın tərəfindən təqib və cinsi təcavüz iddiaları ilə üzləşib. 2020-ci ildə aktyor 28 yaşlı aktrisa Şarlot Arnoldun iddialarından sonra rəsmi şəkildə zorlama və cinsi təcavüzdə ittiham edilmişdi.
Günahının olmadığını açıqlayan Depardye ötən ilin oktyabrında yazdığı açıq məktubda “mən heç vaxt bir qadına təcavüz etməmişəm” demişdi. Uzun müddət Fransada milli simvol hesab edilən Depardye fransız kinosunun qlobal səfirinə çevrilib və Hollivuddakı müxtəlif rolları ilə beynəlxalq şöhrət qazanıb.