Ancaq Honolulu Bələdiyyəsinin bugünlərdə verdiyi açıqlamada 1987-ci ildən qadağan edilən pilləkənin aprelin 22-dən etibarən söküləcəyi açıqlanıb. Təxminən 855 metr hündürlüyündə olan pilləkən bəzən dumanlı dağlıq ərazilərə çıxışı təmin etdiyi üçün “Cənnətə gedən pilləkən” kimi də tanınır.
Bələdiyyənin açıqlamasında sözügedən marşrutun həm təhlükəli olduğu, həm də başqalarına məxsus torpaqlardan keçdiyi vurğulanıb və turistlərdən pilləkənlərlə çıxmaması xahiş edilib.
Honolulu polisinin CNN ilə paylaşdığı məlumata görə, aprelin 23-də pilləkənlərlə çıxan 5 nəfər şəxsi mülkə girmək ittihamı ilə saxlanılıb.
Həmçinin bildirilib ki, 20-21 aprel tarixlərində pilləkənləri qalxmağa hazırlaşan ən azı 60 nəfərə xəbərdarlıq edilib. Polis rəsmilərindən Randall Platt vertolyotların pilləkənləri sökmək üçün işlədiyini və əraziyə girişlərin çox təhlükəli olduğunu bildirib.
İkinci Dünya müharibəsində quraşdırılmış radio qülləsinə daxil olmaq üçün ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən tikilmiş pilləkənin sökülməsi bələdiyyəyə təxminən 2,5 milyon dollara başa gələcək.
Təxminən 5 ay çəkəcəyi gözlənilən sökülmə prosesinin tamamlanmasından sonra pilləkənin hara köçürüləcəyi hələ qərar verilməyib.
“Yura dövrü parki” (“Jurassic Park”), “Pörl Harbor” (“Pearl Harbor”) və “Cumanci” (“Jumanji”) kimi məşhur filmlərin çəkildiyi “Kualoa Farm”, pilləkənləri ala biləcəklərini bildirib. Oahu adasındakı ferma da Havay arxipelaqına gedən turistlərin tez-tez ziyarət etdiyi yerlər sırasındadır.