İran ədliyyə sistemi əfv tələbinin Ədliyyə Başçısı və belə işlərdə son söz sahibi olan ölkənin dini lideri Ayətullah Əli Xamenei tərəfindən təsdiqləndiyini açıqlayıb.
“İran İnternational”ın Ədliyyə Nazirlinin sözçüsü Əsgər Cihangirə istinadən verdiyi məlumata görə, bu amnistiya Zəncani həbsxanada keçirdiyi son illərdə xaricdəki var-dövlətlərinin tapılmasında ədliyyə orqanları ilə əməkdaşlığa razılıq verdikdən və beləliklə, bütün pullar hökumətə qaytarıldıqdan sonra verilib.
Zəncaninin cəzasının yüngülləşdirilməsi ilə bağlı qərar İran hökumətinin ABŞ-nin illərlə tətbiq etdiyi sanksiyalardan sonra gəlir əldə etmək səylərinin gücləndirdiyini sübut edir.
İranın ən zəngin iş adamlarından biri olan Zəncani 2013-cü ildə ovaxtkı prezident Həsən Ruhani tərəfindən milyardlarla dollarlıq neft gəlirlərini şirkətləri vasitəsilə gizlətməkdə ittiham edilərək həbs edilmişdi.
Zəncaninin təxminən 13,5 milyard dollar sərvətinin olduğu və kosmetikadan otel idarəçiliyinə, neftdən bankçılığa qədər 60-dan çox şirkətdən ibarət şəbəkəyə nəzarət etdiyi bildirilirdi.
2,7 milyard dollar dövlət pulunu gizlətməkdə ittiham olunan Zəncani ölkənin cinayət məcəlləsinin ən ağır maddəsi olan “yer üzündə fitnə-fəsad törətmək”də təqsirləndirilirdi.
Öz ifadəsinə görə, Zəncani Türkiyədən Malayziyaya və Birləşmiş Ərəb Əmirliklərinə qədər uzanan şirkətlər şəbəkəsi vasitəsilə illərdir milyardlarla dollarlıq neft sövdələşmələri təşkil edib. İran mediasına müsahibə verən iş adamı 10 milyard dollar sərvətə malik olsa da, borcunun da bu məbləğə yaxın olduğunu bildirib.
İranın ictimaiyyətdə tanınan zəngin iş adamlarından biri olan Zəncani İran hökumətinin xaricə neft satmaq üçün bəzi maneələri aradan qaldırmasında oynadığı rola görə beynəlxalq sanksiyalarla üzləşib. Bunlara Avropa İttifaqının 2012-ci ilin dekabrında və ABŞ-ın 2013-cü ilin aprelində tətbiq etdiyi sanksiyalar daxildir.
2014-cü ildə İran hökuməti milyarder iş adamı Mahafarid Emir Xosravini dövlət bankında fırıldaqçılıqda və 2,6 milyard dolları mənimsəməkdə təqsirli bilinərək edam etmişdi.
Zəncani kimdir?
“Sorinet Qrup”un idarə heyətinin rəhbəri İranlı milyarder, işadamı Babək Murtuza Zəncani 1974-cü ilin mart ayının 21-də Tehranda anadan olub.
Ailəsi haqqında və uşaqlığına dair mənbələrdə heç bir məlumat yoxdur. Ümumiyyətlə, fantastik zənginliyinə baxmayaraq, ölkəsində belə tanınmır. Bəzilərinin fikrincə, o, İran dərin dövlətinin yetirməsidir.
Ərəb mənbələrinə görə, İranda konservatoriyanın tələbəsi olan gələcəyin iş adamının karyerası hərbi xidmətdən sonra başlayıb. İran ordusunun baş qərargahında xidmət edən Zəncani sonradan Mərkəzi Bankda işləyib. Belə ki, 1999-cu ildə İran Mərkəzi Bankının rəhbəri Mohsen Nurbaxışın xidməti sürücüsü olub.
Babək Zəncaninin zənginliyə gedən yolu haqqında irəli sürülən birinci versiya onun qoyun dərisi biznesi ilə məşğul olmasıdır. Yəni, Zəncani ilk pulunu buradan qazanıb. Lakin özü 13-14 yaşlarında ticarətə atıldığını, zərgərlik və valyuta dəyişmə məntəqəsi işlətdiyini iddia edir: “Ailəm varlı olub. Atam “eBay”ın qurucularındandır. Əsgərlikdə olanda Mərkəz Bankın rəhbəri Mohsen Nurbaxışın xidməti sürücüsü işləmişəm. Hər gün əlimdən 17 milyon dollar keçirdi. Mində bir komissiya ilə gündə 17 min dolları bazara buraxırdım. Nurbaxış öləndən sonra Türkiyədə qoyun dərisi ticarətinə başladım. Yarım dollara alıb 19 dollardan satırdım. Bir iranlının vasitəsilə heç tanımadığım adama 4 milyon dollarlıq mal göndərdim. Pulumu ala bilmədim və müflisləşdim. Tehrandakı Evin həbsxanasına atıldım”.
Kifayət qədər əzimli olan Zəncani iki illik həbsxana zamanı boş dayanmayıb. Türk dilini öyrənməyə başlayıb. Təbii ki, bu heç də məqsədsiz olmayıb. Azadlığa çıxdıqdan sonra qaçaq yollarla Türkiyəyə qayıdıb. Sırf 4 milyon dollarını geri qaytarmaq ümidi ilə: “İzmirə getdim. Bir nəfər vasitəsilə bütün çeklərimi geri aldım. Qayıdanda İnqilab Gözətçiləri məni tutaraq yenidən həbsə atdılar. 16 gün yatdıqdan sonra zaminə buraxıldım. Pasport çıxarıb İzmirə yollandım.
Burada böhran idarəçiliyi üzrə həm təhsil aldım, həm də idxal- ixracla məşğul olmağa başladım. Diş pastası, saqqız, ətir, şampun, nə tapsam, İrana göndərirdim. Çox keçmədən Türkiyə pasportu aldım. Kiçik-kiçik onlarla şirkət qurdum. İzmirdə çox böyük bir anbar kirayələyib iş həcmimi 150 milyon dollarlara çatdırdım”.
“Qraf Kosmetika” şirkəti
Daha sonra Zəncani İranda kosmetika fabriki qurmaq istəyib. Lakin banklar pul verməyib. Bu zaman zəlzələdənmi, vəlvələdənmi milyarderin bəxti yenə gətirib. Bir türk bankirlə tanış olub. Həmin şəxs ona ticarəti banklar üzərindən etməyin daha sərfəliliyini başa salıb. Zəncanin dediklərindən: “Mənə bu işin yollarını, necə bank krediti ala biləcəmin yollarını göstərdi. Türkiyədəki şirkətlərimi genişləndirdim. “Kont Kosmetic” şirkətini qurdum”.
Babək Zəncani “Kont Kosmetic” şirkəti ilə bərabər “Dış Ticaret Limited” şirkətini də yaradır. Getdikcə fəaliyyət sahəsini kosmetikadan tekstilə, plastikdən qızıl və ləl-cəvahirat idxalına, banklararası pul transfertlərinə qədər genişləndirir.
İran hökuməti ilə əlaqə
Babək Zəncaninin İran hökuməti ilə əlaqələrinə gəlincə, əslində hər şey 2010-cu ildə İnqilab Gözətçilərinin mühəndislik bölümü olan Xatəm əl Ənbiyanın ona müraciət etməsiylə başlayır. İş adamı öz bankı vasitəsilə 40 milyon dollar pulu xaricə çıxarır. O gündən sonra da dövlət təşkilatları Zəncaniyə müraciət etməyə başlayır. Özünün etirafına görə, bu işi bir neçə gün içində həll edib. Mində 7 komissiya ilə pul transferləri 1 milyard dolları aşır. Beləliklə, İran hökuməti ilə işgüzar əlaqələrin yolları açılır. Hətta bundan sonra Zəncaninin İranın kabinet yığıncaqlarına qatıldığı, neft naziri Rüstəm Qasıminin işləri onunla birlikdə icra etdiyi deyilir.
Tacikistanda, Ərəb Əmirliyində, Malayziyada, Çində biznes
Zəncani Türkiyədəki şirkətlərdən qazandığı pullarla Tacikistanda, Ərəb Əmirliyində, Malaziyada, Çində iş qurur. İranda “Qeshm Air” hava şirkətinə, eləcə də “Sorinet Group”a (holdinq kosmetika, infrastruktur, bank, hotelçilik, kommersiya aviasiya, tikinti materialları, məlumat texnologiyaları və beynəlxalq əmlakın inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərir), “Rah Ahan” Tehran futbol klubuna, Malaziyada “First İslamic Bankına”, “International Safe Oil”ə, Ərəb Əmirliklərində “Sorinet Commercial Trust Bankers”ə, Tacikistanda “Kont Building” şirkətinə sahiblənir.
Qeyd edək ki, “Kont Building” şirkətinə “Kont Bank investment” bankı, Düşənbə avtovağzalı olan “Asian Express Terminal”ı, “Asian Express Airline” hava şirkəti, “Kont tourism Tajikistan” daxildir. Bundan əlavə şirkət Tacikistanda “Mərkəzi savdo” hipermarketləri tikməyə başlayıb. Ərazisi 3 hektar olan layihəyə 30 milyon dollar investisiya qoyulduğu bildirilir. Yeri gəlmişkən, B.Zəncani ipinin üstünə odun qoyulmayanlardandır. Məsələn, ötən ilin yayında “Kont Building” şirkətinin yetkililəri Zəncaninin holdinqlə heç bir əlaqəsinin qalmadığını, səhmlərin “Kont Kosmetic” və “Dis Ticaret Limited Sirketi”nə satdığını açıqlayıblar. Hansıki, bu şirkətlər də iş adamının özünə məxsusdur.
64 şirkətdən ibarət olan “hörümçək toru”
Kifayət qədər sirli şəxs olan “Bəy Z”nin (kübar cəmiyyət onu belə adlandırırlar) əlinin böyük pullara çatdığı, Türkiyədə isə onlarla maliyyə şirkəti, hava şirkətində səhmləri, eləcə də bir flot neft tankeri olduğu məlumdur. İddialara görə, Zəncani bütün əlindəki vasitələrdən sanksiya altındakı İran neftini xaricə satmaq üçün yararlanıb. Belə ki, o, BƏƏ, Türkiyə və Malayziyadakı 64 şirkətdən ibarət olan "hörümçək toru"nu istifadə edərək milyonlarla barel İran neftini xaricə (Siqapur, Malaziya, Hindistan) satıb. Əldə edilən gəlir Zəncaniyə məxsus Malayziyada “First İslamic Bank”ı üzərindən leqallaşdırılıb. Bütün bu əməliyyatlar isə Avropa Birliyi və Amerikanın əllərini qulaqlarının ardına qoyub sanksiyalarla İranı çökdürəcəklərini düşündükləri zamanda baş verib: “Mərkəzi Bank pulsuz qalmışdı. Məndən neft pulunu İrana gətirməmi, beləcə sistemin bu pulu istifadə edə bilər hala gətirməyimi istədilər. İşim sanksiya əleyhdarı əməliyyatlar idi. Mən işini bacarıqla icra edən adamamış. Lakin məni də sanksiya altına aldılar. Ona görə də 3 milyon barel neft belə sata bilməyiblər”.
Neft Nazirliyini, Mərkəzi Bankını, Tacikistan Milli Bankını ələ keçirir
B.Zəncaninin işadamı kimi fərasətləri bununla bitmir. Onun həm də İranın Neft Nazirliyini, Mərkəzi Bankını, Tacikistan Milli Bankını ələ aldığı irəli sürülür. Necə?
İrandan başlayaq. İranın embarqo edilmiş neftini xaricə satan işdamı əldə edilən 17,5 milyard dollarlıq gəlirlə beynəlxalq sanksiyalar səbəbiylə nağd vəsait qıtlığı yaşayan İran Neft Nazirliyinin, İnqilab Gözətçiləri və Mərkəz Bankın valyuta ehtiyatı ehtiyaclarını ödəyib. Özünun etiraflarına inansaq, bütün alverlərindən maksimum 0.007 faiz gəlir götürüb. Tacikistana gəlincə, işadamının orada təkcə holdinqi yoxdur. Ölkənin dövlət başçısının belə ona borcunun olduğu irəli sürülür.
9 canlı Zəncaninin qara günləri
B.Zəncaninin qaz vurub qazan doldurması ötən ilin aprel ayına qədər davam edib. Belə ki, ABŞ və Avropa Birliyinin sanksiya siyahısına daxil edilən Zəncaninin xaricdəki hesabları dondurulduqdan sonra İrana kurs axını kəsilib. Bununla da İran hökumətinə 2.8 milyard dollar borcunu ödəyə bilməyib. Bu tarixdən başlayaraq Türkiyədən İrana qızıl ticarətinə başlayıb. Türkiyədə məlum qaçaq qızıl ticarəti də məhz ondan sonra genişlənib. Türkiyədə icra edilən 17 dekabr istintaqında Rza Zərrabın ifasə əsasında bəlli olub ki, Zəncani Qvineyadan 1.5 ton qızılı qeydiyyat aparmadan Türkiyəyə daxil edib. Bununla belə Zəncaninin sui-istifadə və rüşvət istintaqındakı yeri hələ qəti olaraq bilinmir.
“Həbs olunsam İran Efiopiya olar”
Yeri gəlmişkən, ABŞ-la Aİ-nin embarqosundan sonra Zəncaninin Həsən Ruhani hökuməti ilə münasibətləri pozulub. Münasibətlərin gərginləşməsində İranın eks prezidenti Mahmud Ahmedinejadın dövründəki qaranlıq əlaqələrinin də rol oynadığı deyilir. İşadamının özünə gəlincə, məsələyə münasibəti belədir:
“İran Mərkəz Bankına və İran Milli Neft Şirkətinə tətbiq olunan embarqoya baxmayaraq, illərcə ölkəyə pul köçürdüm. Embarqonu deşərək öz şirkətlərimin və xaricdə ortaqlığım olan şirkətlərin qara siyahıya salınmasını gözə aldım. Əgər amerikalıların əlinə düşsəydim, özümü Quantanamoda tapardım. Həbs olunsam,İran Efiopiya olar. İran Mərkəz Bankına və Neft Nazirliyinə qoyulan embarqoya rəğmən iki milyard dollar köçürməyi bacardım. Ancaq bəzi dairələr vəziyyəti əleyhimə istifadə edərək mənimlə şəxsi hesablaşmağa gedirlər"
30 min dollarlıq saat
B.Zəncaninin şəxsiyyəti ilə bağlı gündəmə gətirilən nüanslardan biri də, onun 30 min dollarlıq qol saatı və qara, “Mersedes SL 500” markalı avtomobilidir. Düzdür, işadamının adı “Forbes” kimi jurnalların siyasında daxil edilməyib. Amma bildirdiyimiz kimi o, Malaziyada, Çində, İranda, Dubayda, Tacikistanda, Türkiyədə investisiyalara sahibdir. Zəncaninin hətta Hindistan və digər Asiya ölkələrində sərmayələrinin olduğu istisna edilmir. Sərvətinin bilinən həcmi 13 milyard dollardır. Lakin nəzərə alsaq ki, İran kimi böyük istehsalçının neft satışı onun əlində olub, onun varidatı dünyanın ən varlı adamı Bill Qeystlə müqayisə edilə biləcək səviyyədə də ola bilər.