Bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
E.Hüseynov dedi ki, bütün qida məhsulları kimi araq və şərabların da müəyyən yararlılıq müddəti var.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xərçəng xəstəliyi ilə bağlı növbəti proqnozunu açıqlayıb. ÜST bu qorxunc xəstəliyin sürətlə yayılması səbəblərini də sadalayıb. Mütəxəssislər hesab edirlər ki, spirtli içkilər və tütün məmulatları, tez hazırlanan qidalardan mütəmadi istifadə etmək xərçəng əmələ gətirir.
Təşkilat sədri isə qeyd etdi ki, «McDonalds» və bu tipli şirkətlərin hazırlanması tez başa gələn ayaqüstü yeməkləri müxtəlif xəstəliklərin, xüsusilə də xərçəngin yayılmasına səbəb oldu: ««McDonalds» Azərbaycan gənclərini məhv edir. Şirkət hazırladığı qidaların ərzağını xarici ölkələrdən gətirir, qidaların tərkibi haqqında məlumat yoxdur. Üstəlik bu şirkətlər trans yağlardan istifadə edirlər. Bu yağ isə nəinki xərçəng yaradır, hətta ürək-damar sistemini də sıradan çıxarır. Təəssüf ki, Azərbaycanda hələ də qida mədəniyyəti problemi var».
Xatırladaq ki, ÜST-in hesabatına görə, dünyada onkoloji patologiyalardan əziyyət çəkənlərin sayı 16 milyondan çox olacaq.
Azərbaycanda isə ötən il 34681 nəfər onkoloji xəstə qeydiyyatda olub. Bu da 2012-ci ilin göstəricisindən çoxdur. 2012-ci ildə 31954, 2011-ci ildə 28685 xəstə qeydiyyata alınıb. Statistik göstəricilərə əsasən, kişilər arasında traxiya-ağciyər-bronx, qadınlarda süd vəzisi xərçəngi daha çox yayılıb.