Vaxt.Az

“13 yaşına qədər uşaqlara smartfon verməyin”


 

Fransız alimlərindən xəbərdarlıq: “Alqoritmlər asılılıq dinamikası yaradır”

“13 yaşına qədər uşaqlara smartfon verməyin” Fransada aparılan araşdırmada uşaqların 13 yaşına qədər smartfondan istifadə etməmələrinin lazım olduğu bildirilib. Fransa prezidenti Emmanuel Makronun göstərişi ilə yaradılan komissiya sosial media və smartfonların uşaqlara təsirini araşdırıb.

Nevropatoloq Servane Mouton və psixiatr Amine Benyaminanın rəhbərlik etdiyi qrupun araşdırmasında uşaqların texnologiya sənayesinin qazanc məqsədli strategiyalarından qorunması lazım olduğuna diqqət çəkilərək, “Şirkətlər uşaqları ekran qarşısında kilidləyir, onlara nəzarət edir və onların vasitəsilə pul qazanır”.

Araşdırmada uşaqların 6 yaşından əvvəl rəqəmsal təzyiqə məruz qalmaması və 13 yaşına qədər smartfonlardan istifadə edilməməsinin vacibliyini qeyd edilib.

Mütəxəssislər bildiriblər ki, 11-13 yaşlı uşaqlara verilən telefonlarda internet bağlantısı olmamalıdır.

Tədqiqatçılar həmçinin uşaqların 18 yaşına qədər “Instagram”, “TikTok” və “Snapchat” kimi sosial media proqramlarından uzaq tutulmasını tövsiyə ediblər.

İbtidai siniflərdə şagirdlərin planşetlərdən istifadə etməmələri tövsiyə edilərkən, valideynlərin uşaqları ilə daha çox vaxt keçirmək üçün sosial mediadan istifadəni məhdudlaşdırmalı olduğu bildirilib.

Araşdırma, valideynlərin də uşaqlar qədər "texnoloji sənayenin qurbanı" olduqlarına diqqət çəkib. Tədqiqatda iştirak edən alimlərdən biri Benyamina deyib: “Texnologiya əla vasitədir və belə də qalacaq. Ancaq bu, insanların istifadəsi üçün olmalıdır, onların zamanını bir məhsula xidmət etmək üçün azaltmamalıdır. Rəqəmsal məzmuna marağını itirməmək üçün həzz sistemini yenidən aktivləşdirən və stimullaşdıran alqoritmlər bir növ asılılıq dinamikası yaradır”.

Böyük Britaniyanın tanınmış qəzetlərindən olan “The Guardian” yazıb ki, komissiyanın hesabatından sonra məsələ ilə bağlı hər hansı məhdudiyyətin tətbiq edilib-edilməyəcəyi hələlik bəlli deyil.

Makron aprelin 25-də paytaxt Parisdəki Sorbon Universitetində verdiyi açıqlamada Avropa Birliyində 15 yaşına qədər uşaqların smartfon istifadəsinə qadağa qoyulmasını istədiyini bildirib.

 





01.05.2024    çap et  çap et