İşin maraqlı tərəfi budur ki, ABŞ-ın indiki administrasiyası, Demokratik Partiya dünyada “yaşıl gündəm”, “iqlim dəyişikliyi” kimi mövzuları dəstəkləyir, bu məsələləri dünyanın əsas prioriteti elan edib. Yaxşı, əgər əsas məsələ ekologiya, iqlimdirsə bu sahədə pozitiv dəyişikliklərə xidmət etməli olan elektrik avtomobilləri və günəş panellərinə niyə ağır rüsum qoyub qiymətini artırasan ki?! Deməli iqlim, ekologiya BƏHANƏDİR, məqsəd maraqlardır, biznesdir, puldur.
Ümumiyyətlə, ABŞ və Qərbi Avropanı inkişaf etdirən, rifah yaradan, iqtisadi və elmi yüksəlişə aparan yol iqtisadi liberalizm, azad bazar, rəqabətli mühit olub. Təəssüf ki, SSRİ dağılandan, dünyada TƏK və RƏQİBSİZ güc olandan sonra kollektiv Qərb iqtisadi liberalizmdəm sosializmin və dövlət iqtisadiyyatının başqa bir forması olan “over-regulation”, yəni hədindən artıq tənzimləmə modelinə keçdilər, dövlətin iqtisadiyyata müdaxiləsinin yeni formalarını yaratdılar.
Bu gün kollektiv Qərbin ən böyük problemi “solaxaylaşması”, kapitalizmin bütün təməl prinsiplərinin pozulması, dövlətin iqtisadiyyata kəskin müdaxiləsi, müqəddəs olan, sistemin təməlini təşkil edən özəl mülkiyyətin tapdalanmasıdır.
Sol-sosialist ideyalar elə Avropada yaranıb, kökü və təməli Avropada qoyulub. Zamanına görə çox mütərəqqi, “vəhşi kapitalizmdən” liberal iqtisadi modelə keçidi tezləşdirən, işçilərin hüququnu qoruyan ideologiya idi. Sonra SSRİ yarandı, kommunizm kabusu artdı, Qərb SSRİ-ni görüb Marksizmdən, həddən artıq “soldan”, sosializmdən imtina etdi. Çünki rəqibi olan SSRİ hekayəsini bu ideyalar üzərinə qurmuşdu. ABŞ-da “McCarthyism”, Qərbi Avropada “anti-sovetizm”, SSRİ-yə qarşı liberal iqtisadi model yarandı və sonda qalib gəldi. SSRİ dağılan kimi addım-addım öz “ayarlarına” dönməyə başladılar. Liberalizmi unudub “sollaşdılar”, SSRİ kimi senzura, dövlət tənzimləmə mexanizmləri yaratdılar. Yəni, bu gün qalib gəldikləri SSRİ-nin yolu ilə gedirlər. Faciəvi mənzərədir.
İqtisadiyyatda “over-regulation” Qərbi “sovetləşdirir”, bu yol isə uğurlu ola bilməz – iqtisadiyyatda əsl liberalizm yenidən hakim olmalıdır. Bu baş versə siyasətdə də “liboşlar” yox, əsl liberallar önə çıxacaq.
Dünyada “psevdo-liberalların” çox vacib “iqlim dəyişikliyi, ekologiya” kimi mövzuları öz dar maraqları çərçivəsində istismar etmələri çox eybəcər görünür...