İran konstitusiyasının 131-ci maddəsində deyilir ki, əgər İran prezidenti hər hansı səbəbdən (vəfat etdikdə, xəstələndikdə və ya səlahiyyət müddəti ərzində iki aydan çox müddətdə vəzifəsini icra edə bilmədikdə, yaxud yeni prezident seçilmədikdə), səlahiyyətlərini icra edə bilmədikdə, müvəqqəti komitə onun vəzifələrini öz üzərinə götürür.
Dini rəhbərin təsdiqi ilə parlamentin sədri və məhkəmə hakimiyyətinin rəhbərinin də daxil olduğu komitəyə ölkənin vitse-prezidenti rəhbərlik edir. Vitse-prezident 50 gün ərzində prezident seçkilərinin təşkilinə cavabdeh olur.
131-ci maddəyə əsasən, dini rəhbər prezidentin bütün səlahiyyətlərini şəxsən öz üzərinə götürə və ya vitse-prezident öz səlahiyyətlərini lazımi şəkildə həyata keçirə bilmədiyi halda yeni vəzifəli şəxsi təyin edə bilər.
İran Konstitusiyasının 113-cü maddəsinə əsasən, İran Prezidenti ali-dini rəhbərlikdən sonra ölkədə ən yüksək orqandır və ali-dini rəhbərliklə bağlı məsələlər istisna olmaqla, Konstitusiyanın həyata keçirilməsi və icra hakimiyyətinin (hökumətin) idarə edilməsinə cavabdehdir.
İran 1979-cu il inqilabından sonra üçüncü dəfədir ki, müvəqqəti komitə yaratmaq situasiyası ilə üzləşir.
Birincisi, İran inqilabının prinsiplərinə xəyanət etdiyi səbəbilə ovaxtkı dini rəhbər Xomeyni tərəfindən vəzifəsindən uzaqlaşdırılan keçmiş prezident Əbu əl-Həsən Bəni Sədrin vəzifəsindən uzaqlaşdırılmasından sonra baş verdi. Bəni Sədr 1979-cu il inqilabından sonra İranın ilk seçilmiş prezidenti olub. Komitənin işi təxminən iki ay, 1980-ci il iyunun 22-dən həmin il avqustun 2-dək davam edib. Parisdə mühacirətdə yaşayan Bəni Sədr 2021-ci ilin oktyabrında 88 yaşında vəfat edib.
Sonuncu 1981-ci il avqustun 30-da İranın prezidenti Məhəmməd Əli Rəcainin öldürülməsindən sonra yaradılıb. Prezident iqamətgahının bombalanmasından bir neçə saat sonra işə başlayan komissiya 1981-ci il oktyabrın 9-na qədər davam edib.