Sərgiyə maraq kifayət qədər böyük idi. Sərgidə Dominikan Respublikası Milli Turizm İdarəsi, Argentina, Keniya, Uqanda, Tanzaniya, Şri-Lanka, CAR, Çin Milli Turizm İdarəsi, Mavriki Respublikası Milli Turizm İdarəsi, Zaqreb (Xorvatiya) Turizm İdarəsi, Soçi (Krasnodar diyarı) Turizm İdarəsi iştirak edir. Hər bir ölkə öz turizm sahəsinə aid olan şəkilləri, broşurları qarşılarındakı masaya düzərək gələn qonaqlara təqdim edir və ətraflı məlumat verirdilər. Hər bir ölkə üçün ayrı bir masa ayrılmışdı. Bu masalara yaxınlaşanda xəyalən həmin ölkəyə səyahət etmiş olurduq. Çünki turizm şirkətlərinin təmsilçiləri onlar üçün ayrılmış yerdə təmsil etdikləri ölkələrin sanki kiçik bir maketini yaratmışdılar.
Sərgidə iştirak edən ölkələrin təmsilçilərinin bir neçəsinə yaxınlaşıb sərgi haqda fikirlərini öyrəndik.
Türkiyənin Bursa şəhərini təmsil edən Ali Saçlı Azərbaycanda Türkiyəyə marağın çox olduğunu dedi: «Biz Türkiyəni təmsil edirik. Maraq böyükdür. Bizim turizm yerlərimizdə qiymətlər stabildir. Bu gün ilk gündür. Yəqin ki, sabahdan bu sərginin turizm sahəmizə nə dərəcədə təsir etdiyini artıq biləcəyik. Amma bu tip sərgilərdən sonra ölkəmizə gələn turistlərin sayında artım müşahidə edilir».
Maraqlı geyimi ilə fərqlənən və gələn qonaqlara Azərbaycan bazarı üçün hazırlanmış eksklüziv turizm təkliflərinin təqdimatı ilə çıxış edən Litva təmsilçisi Litvada qiymətlərin ucuz olduğunu dedi: «Bizim ölkəmiz balaca olduğu üçün elə də tanınmır. Hər kəs Almaniyaya üz tutur. Ancaq onu deyim ki, bizim turizm qiymətlərimiz Almaniyadan 3-4 dəfə ucuzdur. Həmçinin bizdə müalicəvi sanatoriyalar daha çoxdur. Yayda öz istirahətini bizim ölkədə keçirməyi seçənlər bundan peşman olmayacaqlar».
Rusiyalı təmsilçilər isə ölkələrinə turist cəlb etmək üçün müsabiqə keçirəcəklərini deyirdilər. Belə ki, sərgiyə gələn qonaqlardan ad-soyad və əlaqə telefon nömrəsini götürür və müsabiqə keçirilən zaman onlarla əlaqə saxlayacaqlarını deyirdilər. Müsabiqənin qalibinin isə Rusiyanın turizm məkanlarından birində pulsuz istirahət qazanacağı deyilirdi.
Qeyd edək ki, sərgidə Azərbaycanın 22 regionundan 60-dan çox mehmanxana iştirak edirdi. Azərbaycanın əsl istirahət məkanlarından olan Gəncə, İsmayıllı və digər bölgələr üçün xüsusi yer ayrılmışdı. Hətta Naftalandakı palçıq vannası əyani olaraq gələn qonaqlara nümayiş edilirdi. Belə ki, Naftalandan gətirilən palçıq kiçik bir vannaya qoyulmuş və içinə bir heykəl yerləşdirilmişdi. Bununla da təmsilçi gələn və maraq göstərən qonaqlara palçıq vannasının müalicəvi əhəmiyyəti haqqında məlumat verirdi.
«Çinar» hotelini təbliğ edən Nicat İsgəndərov Azərbaycanın turizm bölgələrinə daha çox keçmiş Sovet respublikalarının maraq göstərildiyini dedi: «Bu sərginin turizm sektorumuza böyük xeyri olur. Bizim ölkəmizə daha çox keçmiş sovet respublikaları maraq göstərir. Turistlər maraqlanır, suallar verirlər. Bizdə qiymətlər stabildir. Heç bir endirim olmayacaq».
Qeyd edək ki, sərgidə milli və regional ekspozisiyalardan ibarət 24 stend vardı. Bunlar Fransa, İtaliya, Malayziya, Çernoqoriya, Macarıstan, İndoneziya, Gürcüstan, Bolqarıstan, Mərakeş, Dominikan Respublikası, Argentina, Hindistan, Mavriki Respublikası, Türkiyə, Sloveniya, Yunanıstan, Soçi Turizm İdarəsi, Zaqreb Turizm İdarəsi, Misir, Azərbaycan, Stavropol diyarı, Çex Respublikası, Tailand və Çin idi.
Sərgi iştirakçılarının 60 faizdən çoxunu xarici eksponentlər təşkil edir və onlar xüsusi olaraq Azərbaycan bazarı üçün işlənib hazırlanmış eksklüziv turizm təklifləri təqdim olunurdu.
Turizm məkanları ilə yanaşı ölkələr öz sənaye mallarını da sərgiyə çıxarmışdı. Müxtəlif formalı sabunlar, Azərbaycanın süd brendi olan «Milla» da bu sərgidə yer alırdı.
Qeyd edək ki, «AITF» sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif bölgələrini bütün koloriti ilə nümayiş etdirən aparıcı beynəlxalq sərgi statusunu qazanıb və artıq 13 ildir ki, bütün turizm sənayesi nümayəndələrinin görüşü üçün beynəlxalq platforma kimi fəaliyyət göstərir. Sözügedən sərgi təsis edildiyi gündən bəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir və Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən daim dəstəklənir. AZAL şirkəti isə «AITF» sərgisinin rəsmi hava daşıyıcısı qismində çıxış edir.
Sərginin təşkilatçıları «İteca Caspian» MMC və onun tərəfdaşı Böyük Britaniyanın «ITE Group plc» şirkətidir. Azərbaycanda keçirilən bu turizm sərginin daimi iştirakçılarından biri, dəfələrlə «ATIF» sərgisinin tərəfdaşı olmuş Bolqarıstan isə bu il sərgiyə qeydiyyat üzrə sponsor qismində çıxış edir. («Yeni Müsavat»)