Bu hadisə dünya mediasında fərqli yönləri və hələ bəlli olmayan təfərrüatı ilə geniş rezonans doğurmaqla yanaşı, müxtəlif ölkələrdə baş vermiş bənzər aviaqəzaları da yaddaşlarda təzələyib. Qeyd olunur ki, indiyədək 10-dan artıq dövlət və hökumət başçısı bu cür hadisələrdə dünyasını dəyişib.
7 sentyabr 1940-cı ildə Paraqvayda “Potez 25” hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində ölkə Prezidenti, marşal Xose Feliks Estiqarribia ölüb.
17 mart 1957-ci ildə Filippinin rəhbəri Ramon Maqsaysay ölkə ərazisində “Duqlas C-47 Skytrain” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.
13 aprel 1966-cı ildə İraq Prezidenti Əbdül Salam Aref təyyarə qəzası nəticəsində həyatını itirib.
27 aprel 1969-cu ildə Boliviya Prezidenti Rene Barriendos Ortuno ölkə ərazisində helikopter qəzası nəticəsində həlak olub. Vertolyot elektrik xəttinə toxunaraq yerə düşüb.
24 may 1981-ci ildə Ekvador Prezidenti Xayme Roldos Aqileranın içində olduğu “Beechcraft Super King Air” təyyarəsi Perunun cənubunda dağlara çırpılıb.
19 oktyabr 1986-cı ildə Mozambikdə ölkə başçısı Samora Macel və hökumət nümayəndə heyəti yerli aviaşirkətə aid “TU-134A-3” sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olub. Təyyarəni sovet uçuş heyəti idarə edirmiş.
17 avqust 1988-ci ildə – Pakistan Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed C-130 Hercules” təyyarəsi Bahavalpur hava limanından havaya qalxandan az sonra qəzaya uğrayıb. Pakistan Prezidenti Məhəmməd Ziya-ül-Həq, ABŞ-nin bu ölkədəki səfiri Arnold Lyuis Rafel və digər sərnişinlər həlak olublar.
Bu hadisələrlə bağlı pilot səhvindən sui-qəsdə qədər müxtəlif versiyalar irəli sürülsə də, gerçək üzə çıxmayıb.
6 aprel 1994-cü ildə Ruandanın Kiqali hava limanı yaxınlığında Ruanda və Burundi prezidentləri Juvenal Habyarimana və Kiprien Ntaryamira “Dassault Falcon 50” təyyarəsi yer-hava raketi ilə vurulması nəticəsində ölüblər.
26 fevral 2004-cü ildə Makedoniya Prezidenti Boris Traykovski “Beechcraft Super King Air 200” təyyarəsi Bosniyanın Mostar şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirib.
10 aprel 2010-cu ildə Polşa Hərbi Hava Qüvvələrinə məxsus “TU-154M” sərnişin təyyarəsi Rusiyanın Smolensk şəhərində aeroporta eniş edərkən qəzaya düşüb. Prezident Lex Kaçinski və Polşa siyasi və hərbi elitasının nümayəndələri də daxil – ümumilikdə 89 sərnişin və 7 ekipaj üzvü həlak olub.