Omeqa-3 yağ turşuları ilə zəngin olan balıq yağının istehlakı bütün dünyada əsas ölüm səbəbi olan ürək-damar xəstəliklərinin qarşısının alınması üçün tövsiyə olunur.
Bəzi araşdırmalar göstərir ki, bu yağın ürəkdə ritm pozğunluğu olan atrial fibrilasiya kimi bəzi ürək xəstəliklərinə heç bir faydası yoxdur.
Balıq yağı əlavələrinin ürək sağlamlığına təsirini öyrənmək istəyən tədqiqatçılar Böyük Britaniya vətəndaşlarının sağlamlıq məlumatlarını ehtiva edən geniş məlumat bazası olan Biobank-dan 415 min 737 nəfərin məlumatlarını araşdırıblar.
“BMJ Medicine” jurnalında dərc edilən araşdırma çərçivəsində orta yaşı 55 ətrafında olan iştirakçıların təxminən 12 illik məlumatları təhlil edilib.
İştirakçıların təxminən 30 faizi müntəzəm balıq yağı əlavələri qəbul etdiyini bildirsə də, bu insanların əksəriyyəti yaşlı qadın idi. Bundan əlavə, bu əlavəni mütəmadi olaraq qəbul edənlər daha çox spirt və balıq istehlak edirdilər.
Alimlər müəyyən ediblər ki, müntəzəm balıq yağı əlavəsi tədqiqatın əvvəlində heç bir ürək-damar xəstəliyi olmayan iştirakçılarda atrial fibrilasiya riskinin 13 faiz artması və insult riskinin 5 faiz artması ilə əlaqələndirilir.
Sağlam xəstələrdə bu təsirin qadınlarda və siqaret çəkməyənlərdə daha çox olduğu müəyyən edilib.
Digər tərəfdən, tədqiqatın əvvəlində balıq yağı əlavəsinin ürək xəstəliyi olan insanlarda ürək böhranına çevrilmə riskini yüzdə 15, ürək çatışmazlığından ölmə riskini isə yüzdə 9 azaltdığı təsbit edilib.
Balıq yağının bu qoruyucu funksiyası yaşlı kişilərdə daha güclü təsir göstərib.
Tədqiqat müşahidəyə əsaslanmaq və qəbul edilən əlavələrin miqdarını və dəqiq məzmununu bilməmək kimi bəzi məhdudiyyətlərlə üzləşir.
Britaniya Ürək Fondunun baş dietoloqu Treysi Parker iştirak etmədiyi araşdırma haqqında deyib: “Bu araşdırma müntəzəm olaraq balıq yağı əlavələri qəbul edən insanlarda narahatlıq yaratmamalıdır. Ancaq ürək və qan dövranı sistemi xəstəliklərinin qarşısını almaq üçün balıq yağı əlavələri qəbul etməyə başlamağa yaşıl işıq vermir”.
Parker əlavələrin sağlam pəhrizi əvəz edə bilməyəcəyini vurğulayır, o cümlədən infarkt və insult riskini azaltmaq istəyənlərə “Aralıq dənizi” pəhrizini tövsiyə edir. Yağlı balıqların çox, qırmızı ətin isə az istehlak edildiyi bu pəhriz taxıl, paxlalılar, tərəvəz və meyvələrlə də zəngindir.