“Rafale” döyüş təyyarələrinin qatıldığı “Durandal əməliyyatı” adlı təlimdə səsdən sürətli nüvə raketlərinin ilk sınağı uğurla həyata keçirildiyi bildirilib.
Lekornu bildirib ki, uzun müddətdir planlaşdırılan təlimin uğuru Fransanın nüvə qarşısının alınması qabiliyyətini nümayiş etdirir. “Durandal əməliyyatı” çərçivəsində mayın 13-də başlayan təlimlərin iyunun 14-də başa çatması planlaşdırılır.
İngiltərənin tanınmış qəzetlərindən olan “The Guardian” bu təlimin Rusiyanın nüvə raket sınaqlarından sonra keçirildiyinə diqqət çəkib.
Rusiya Müdafiə Nazirliyi bu günlərdə verdiyi açıqlamada, nüvə başlıqları daşıya bilən "İskəndər" və “Kinjal” raketləri ilə təlim keçirildiyini bildirib.
Təlimlər Rusiyanın Cənub Hərbi Dairəsində baş tutub. Sözügedən bölgəyə Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım, həmçinin 2022-ci ildə Ukraynanın cənubunda zəbt etdiyi 4 rayon daxildir.
Rusiya prezidenti Vladimir Putin mayın 6-da əməliyyata göstəriş verərkən verdiyi açıqlamada təlimlərin “Qərb rəsmilərinin təxribatçı bəyanatlarına və təhdidlərinə cavab olaraq keçiriləcəyini” bildirib.
Putinin bəyanatı Fransa prezidenti Emmanuel Makronun Ukraynaya hərbi qüvvələr göndərilməsinin mümkünlüyünü bir daha təkrar etməsindən sonra verilib.
Mayın 2-də Böyük Britaniyanın “The Economist” jurnalında dərc olunan müsahibəsində Makron iddia edib ki, Rusiya irəliləyişini davam etdirsə və rəsmi Kiyev kömək üçün qoşun tələb etsə, Ukraynaya ordu göndərilməsi “qanuni” olacaq.
Moskvanın müharibədə qalib gəlməsinə icazə verilməyəcəyini ifadə edən Makron, “Rusiya Ukraynada qalib gəlsə, Avropada təhlükəsizlik olmayacaq”, – deyib.