Vaxt.Az

“Konstitusiyaya ziddir”


 

Moskva müftisi çarşab qadağası çağırışına etiraz etdi

“Konstitusiyaya ziddir” Moskva müftisi İldar Alyautdinov Rusiyada çarşabın qadağan edilməsi çağırışına reaksiya verib və bunun hüquq pozuntusu olacağını bildirib. Rusiya mediası RBK-ya verdiyi açıqlamada Alyautdinov hicab qadağasının konstitusiyaya zidd olduğunu iddia edib: “Bu cür təşəbbüslər bütün Rusiya vətəndaşlarının din azadlığına və dini etiqad hüququna zəmanət verən Konstitusiyanın kobud şəkildə pozulmasıdır”.

Müfti hicab qadağasının Rusiyada müsəlmanlar arasında narazılıq yaradacağına işarə edərək, bunun cəmiyyətdə yeni iğtişaşlara səbəb ola biləcəyini bildirib.

Alyautdinov həmçinin xəbərdarlıq edib ki, belə bir addım Rusiya ilə Yaxın Şərq ölkələri arasında son vaxtlar yaxşılaşan münasibətləri poza bilər.

Din xadimi Üləmalar Şurasının dövlət rəsmiləri ilə örtünmə ilə bağlı məsələləri müzakirə etməyə hazır olduğunu, lakin bunun tam qadağan olunmasının qəti əleyhinə olduğunu bildirib.

Çarşab taxmağın məcburi olmadığına diqqət çəkən Alyautdinov “İslamın əsas tələblərinə uyğun gələn, lakin başqaları tərəfindən mənfi qarşılanmayacaq” paltarların seçilməsinin tərəfdarı olduqlarını da bildirib.

Qadağa ilə bağlı müzakirələr Rusiya Prezidentliyinə bağlı İnsan Hüquqları Şurasının prezidenti Valeri Fadeyevin bəyanatlarından sonra başlayıb.

Fadeyev iddia edib ki, Rusiyada “ekstremist meyllərin qarşısını almaq üçün” ictimai yerlərdə örtük taxmaq qadağan edilməlidir.

Bəzi Orta Asiya ölkələrində bu istiqamətdə addımların atıldığına işarə edən rəsmi bununla bağlı müraciət hazırlamaq üçün müsəlman icmasının liderləri ilə görüşməyi planlaşdırdığını bildirib.

Özbəkistan keçən il ictimai yerlərdə burka və çadranın şəxsiyyətini çətinləşdirdiyini əsas gətirərək qadağan edib. Bunun ardınca Qazaxıstan oxşar tədbirlərin görülə biləcəyini açıqlayıb.

Rusiya parlamentinin aşağı palatasını təşkil edən Dumada İşçi Komitəsinin sədri Yaroslav Nilov Fadeyevə reaksiya verərək, belə məsələlərin mətbuata açıq şəkildə qaldırılmasının düzgün olmadığını bildirib. Nilov bəyan edib ki, bu kimi məsələləri müsəlman icmasının rəhbərləri ilə müzakirə etmək lazımdır.

İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçova Fadeyevin təklifini dəstəklədiyini bildirib.

 





23.05.2024    çap et  çap et