Mayın əvvəlində Ukrayna parlamenti müəyyən kateqoriyalı məhbusların şərti azadlığa buraxılması müqabilində silahlı qüvvələrdə döyüşməsinə icazə verən qanunu qəbul edib. Qanun prezidentin masasına gələr-gəlməz Vladimir Zelenski tərəfindən imzalanıb.
Bu qanun öz ölkəsini müdafiə etmək arzusunu ifadə edən məhbusları da əhatə edir. Məhbusun fiziki və psixoloji sağlamlığının yaxşı olduğu müəyyən edildikdən sonra hərbi orqanlarının qanunun icrasını həyata keçirir.
Qanun bəzi ağır cinayətlərə, xüsusən də “iki nəfərdən çox adamı qəsdən öldürməyə”, cinsi zorakılığa, milli təhlükəsizliyə hücumlara və ya “ciddi” korrupsiyaya görə məhkum olunmuş məhbuslara şamil olunmur.
Yalnız üç ildən az həbsdə olan məhbuslar belə bir tələblə çıxış edə bilərlər.
İki ildən artıqdır ki, Rusiya işğalına qarşı müqavimət göstərən Ukrayna əsgər və silah çatışmazlığı yaşayır.
Aprel ayında Kiyev hərbi səfərbərlik haqqında mübahisəli başqa bir qanun qəbul etdi. Bu qanunun qəbulunda məqsəd hərbi xidmətə çağırışı asanlaşdırmaq və hərbi xidmətdən yayınanlara qarşı cəzaları əhəmiyyətli dərəcədə artırmaqdır.
Ukrayna prezidenti hərbi xidmətə çağırıla bilənlərin yaş həddinin 27-dən 25-ə endirildiyini açıqlayıb.
“Ukraynada məhbusların müdafiəsi” qeyri-hökumət təşkilatının direktoru Oleq Tsvili mayın əvvəlində ukraynalı məhbusların qurbana çevriləcəyindən və “Rusiyadakı kimi” “boş yerə” döyüşə göndəriləcəyindən qorxduğunu bildirib.
Xatırladaq ki, Rusiyada Vaqner hərbi qruplaşması 2022-ci ildən başlayaraq Rusiya həbsxanalarından on minlərlə məhbusu döyüşlərə cəlb etdi. Bu məhbusların çoxu qanlı hücumlarda, xüsusilə də Bahmut döyüşü zamanı həlak oldu.