Bu nüans ona görə önəmlidir ki, bəziləri çap maşınının Osmanlıya gec gəlməsi haqda danışarkən müsəlmanların mətbəəni kafir icadı adlandırıb dəyərsiz görməsini və bu səbəblə qəbul etməməsini qeyd edirlər. Məsələn, Joel Mokyr kimi iqtisad tarixçisi bir qədər də ümumi danışır və yazır ki, çap maşınının qəbul edilməməsinin səbəbi islam peyğəmbərinin “kim kafir qövmə bənzəyərsə, o da onlardandır” hədisidir. Bu səbəblə müsəlmanlar kafir icadı olan mətbəəyə soyuq yanaşmış, qəbul etməmişlər.
Təbii ki, bu, doğru yanaşma deyil, dövrün qaynaqlarında nəyinki bu haqda konkret, hətta buna işarə edən bir kəlimə belə tapmaq mümkün deyil. Əksinə, praktika belə bunun əksini göstərir. Əvvəla ona görə ki, Mokyr'in qeyd etdiyi hədisi islam tarixində heç kim o mənada anlayıb tətbiq etməyə çalışmayıb.
İkincisi, yuxarıda da qeyd etdiyim kimi, Osmanlılar avropalılardan hərb sahəsində geniş alış-veriş etmişdilər. Heç kim bunlara kafir malı deyib kənara atmamışdı. Məhz bu səbəbdən 16-cı əsrdə yaşamış Fransız diplomat Ogier de Busbecq haqlı olaraq yazır, “Əcnəbilərin ixtiralarından öz xeyirlərinə yararlanmaqda başqa heç bir millət türklər qədər canfəşanlıq göstərməyib və bu, onların xristianlar tərəfindən ixtira olunmuş toplar, minomyotlar və başqa bir çox şeyi geniş istifadə etməsində öz əksini tapır”.
Üstəlik, hətta dini cəhətdən problemli olan sahələrdə belə onlar avropalılardan bəzi şeyləri mənimsəmişdilər. Heykəltəraşlıq və bəzi musiqi alətlərinin istifadəsi buna gözəl nümunə ola bilər. Məsələn, 1526-cı il Moxaç savaşından dönərkən Sultan Süleymanın vəziri Pargalı İbrahim Paşa'nın özü ilə bəzi heykəllər gətirib meydanlarda nümayiş etdirdiyi qeyd edilir.
Misalları artırmaq mümkündür, amma hər bir halda qeyd edilən faktlar onu göstərir ki, müsəlman dünyasında mətbəənin özünə yer edə bilməməsinin səbəbi heç də onun kafir icadı olması deyildi…