“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) və Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb.
Bakı Fotoqrafiya Evində seçilən əsərlərdən ibarət sərgi də açılıb.
İdarənin rəhbəri Şahin Seyidzadə, VI çağırış Milli Məclisin deputatları Fazil Mustafa, Ülviyyə Həmzəyeva, ADRA-nın prorektorları, Xalq rəssamları Səlhab Məmmədov və Fuad Salayev çıxış ediblər.
Bildirilib ki, iki ay davam edən müsabiqəyə ölkə üzrə 300-dən çox iştirakçı rəsm əsərləri təqdim edib. Qaliblər Xalq rəssamları Natiq Əliyev, Fərhad Xəlilov, Səlhab Məmmədov, Aydın Rəcəbov və Əliyar Əlimirzəyev tərəfindən seçilib. Seçilən 40 əsərdən 7-sinin müəllifi qalib elan olunub.
İlk üç yeri müvafiq olaraq Fəxriyyə Əliyeva (“Şah sarayı”), Səidə Musayeva (“Qala izi”) və Nəzrin Xələfova (“Bakıda küləkli gün”) tutublar. Daha dörd nəfər (Ramil Məmmədov, Nəzrin Mütəllifli, Rəşad Rzayev, Samirə Vəliyeva) həvəsləndirici mükafata layiq görülüb.
Digər 33 əsərin müəllifləri isə müsabiqədə iştirakına görə diplomla təltif ediliblər.
Qeyd edək ki, müsabiqənin Bakı Fotoqrafiya Evindəki sərgisi avqustun 10-dək ziyarətçilərə açıq olacaq. Giriş sərbəstdir.