Vaxt.Az

NATO nədir?


 

Dünyanın ən böyük hərbi ittifaqı barədə 6 suala cavab

NATO nədir? NATO-nun bu həftə Vaşinqtonda keçirilən Zirvə Görüşündə üzv ölkələr Ukraynaya 40 milyard dollardan artıq maddi yardım etməyi öhdəsinə götürüb.

Qurumun toplantısında 32 üzv ölkə razılaşıb ki, Ukrayna gələcəkdə NATO-ya üzv olmaq üçün “geridönüşü olmayan bir yola qədəm qoyub”, lakin bunun üçün konkret tarix müəyyənləşdiriliməyib.

Zirvə Görüşündə ilk dəfə Ukraynaya Amerika F-16 qırıcıları da daxil olmaqla, təxminən 43,3 milyard dollar hərbi yardım vəd edilib.

NATO-nun baş katibi Yens Stoltenberq çıxışında deyib ki, Ukraynaya yardım xeyriyyə məqsədi ilə edilmir.

“Bizim Ukraynaya dəstəyimiz xeyriyyə aksiyası deyil. Biz bunu öz təhlükəsizliyimiz üçün edirik”, – o deyib.

Zirvənin yekun bəyannaməsində qeyd olunub ki, gələn ilki sammit iyun ayında Hollandiyanın Haaqa şəhərində, növbətisi isə Türkiyədə keçiriləcək.

Dünya liderlərinin iştirakı ilə baş tutan görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.

Ermənistan və Gürcüstanın xarici işlər nazirləri də NATO Zirvə Görüşünə dəvət olunmuşdular.

NATO üzvü olan dövlətlər bir tərəfdən öz müdafiəsini gücləndirməyə çalışır, bir tərəfdən isə Rusiya ilə müharibə aparan Ukrayna ordusunu gücləndirmək üçün silah yardımını davam etdirir.

Mart ayında Macarıstan parlamenti İsveçin üzvlük üçün müraciətini təsdiqlədi. Bununla da mart ayında Skandinaviya ölkəsi NATO-ya üzv olan sonuncu ölkə oldu.

Rusiyanın iki il öncə Ukraynanı işğal etməsi NATO üçün önəmli bir dönüş nöqtəsi oldu. İttifaq o vaxtdan bəri yeni üzvlər qəbul edir və müfadiəsini gücləndirir.

Bəs NATO nədir, üzvləri hansı ölkələrdir, bundan sonrakı addımları nə ola bilər?

 

1. NATO nədir və nə vaxt yaranıb?


NATO 4 aprel 1949-cu ildə aralarında ABŞ, Britaniya, Kanada və Fransanın da olduğu 12 ölkə tərəfindən qurulub.

NATO-nun yaranmasının əsasını təşkil edən razılaşma isə Vaşinqtondakı Mellon Auditoriumda imzalanıb.

İttifaqın 75-ci ildönümü çərçivəsindəki 9-11 iyul tarixli Zirvə Görüşü də həmin yerdə keçiriləcək.

Qurulduğu zaman NATO-nun hədəfi Rusiyanın rəhbərlik etdiyi SSRİ-nin Avropada genişlənməsinin qarşısını almaq üçün bir blok yaratmaq idi.

NATO üzv ölkələrdən birinə hücum olarsa, digərlərinin də özünümüdafiə üçün ona kömək edəcəyi prinsipinə əsaslanır.

NATO-nun öz ordusu yoxdur, lakin üzv ölkələr böhranlara cavab olaraq, birgə hərbi təlimlər təşkil edə və kütləvi hərbi əməliyyatlar apara bilərlər.

Məsələn, 1992-2004-cü illər arasında o, keçmiş Yuqaslaviyada davam edən müharibəyə müdaxilə edərək BMT-yə dəstək verdi, etnik təmizləməni dayandırmaq və sülh razılaşmasına zəmin yaratmaq üçün hava və quru qüvvəsindən istifadə etdi. .

2022-ci ilin fevralında Rusiya Ukraynaya hücum edəndən sonra NATO onun “müttəfiqlərin təhlükəsizliyinə ən əhəmiyyətli və birbaşa təhdid” olduğunu açıqlayıb.

NATO-nun hazırkı Baş katibi Yens Stoltenberq bildirib ki, Vaşinqtonda keçiriləcək sammitdə üzv ölkələrin müdafiə sərhədlərinin necə genişləndirilə bilinəcəyi və Ukraynaya ilk növbədə mərmi və raketlər olmaqla, silah yardımının necə davam etdiriləcəyi müzakirə olunacaq.

 

2. NATO-nun neçə üzvü var?


NATO-nun Avropa və Şimali Amerikada 31 üzvü var idi. İsveçin rəsmi qoşulması ilə bu rəqəm 32-yə çatıb.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Şərqi Avropada Albaniya, Bolqarıstan, Macarıstan, Polşa, Çexiya, Slovakiya, Rumıniya, Litva, Latviya və Estoniya da ittifaqa qoşuldu.

NATO-ya üzv ölkələr əlifba sırası ilə:

ABŞ, Almaniya, Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, Hollandiya, İngiltərə, İspaniya, İsveç, İtaliya, İslandiya, Kanada, Monteneqro, Şimali Makedoniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Yunanıstan.

İsveç və Finlandiya Rusiyanın Ukraynaya hücum etdikdən sonra 2022-ci ilin mayında üzvlük üçün müraciət etmişdi.

Hər iki ölkə daha əvvəl “tərəfsizlik siyasəti” yürüdürdü.

Rusiya ilə 1340 kilometrlik quru sərhədi olan Finlandiya 2023-cü ilin aprelində NATO-ya qoşuldu.

İsveçin üzvlüyü Türkiyə və Macarıstanın etiraz etməsinə görə təxirə salınmışdı.

Türkiyə İsveçin müraciətini PKK ilə mübarizədə yetərli addım atmamasını əsas gətirərək, təsdiq etməmişdi. Lakin bir müddət davam edən müzakirələrdən sonra Ankara 2024-cü ilin yanvarında müraciəti qəbul etdi.

Macarıstan da təsdiqləməni uzun müddət gecikdirdikdən sonra dəstəyini açıqladı.

İsveç 7 mart 2024-cü ildə Vaşinqtonda üzvlük prosesi yekunlaşdıqdan sonra rəsmən NATO-nun 32-ci üzvü oldu.

İsveç və Finlandiyanın qoşulması ilə NATO 1990-cı ildən bəri ən böyük genişlənməsini yaşayır.

NATO sıralarına təxminən 300 min fəal və ehtiyatda olan hərbçi əlavə olunacaq.

Ukrayna, Bosniya və Herseqovina, Gürcüstan da NATO-ya üzv olmaq üçün müraciət edib.

 

3. NATO-ya üzv ölkələr milli gəlirlərinin neçə faizini müdafiəyə xərcləməlidir?


NATO üzv ölkələrdən milli gəlirlərinin ən azı 2 faizini müdafiəyə xərcləmələrini tələb edir. Bu ölkələrdən 23-nün 2024-cü ildə bu hədəfə çatacağı proqnozlaşdırılır.

2014-cü ildə isə yalnız 3 üzv ölkə bunu bacarmışdı.

İqtisadiyyatlarının böyüklüyü ilə müqayisə edildiklərində müdafiələri üçün ən çox pul xərcləyən ölkələrin başında ABŞ-la yanaşı, Rusiya ilə sərhədi olan Polşa və Baltikyanı dövlətlər yer alır.

ABŞ orduya təxminən milli gəlirlərinin 3,5 faiz, Polşa və Baltikyanı dövlətlər isə 2 faizindən çox xərcləyir.

Avropalı üzv dövlətlər ilə Kanada 2023-cü ildə müdafiə xərclərini təxminən 9 faiz çoxaldıb. 2024-cü ildə xərclərin 18 faiz daha da artacağı gözlənilir.

Digər tərəfdən Fransa, Almaniya, İtaliya və İspaniya kimi ölkələr 2023-cü ildə minimum səviyyədən az xərcləyib.

2023-cü ildə Türkiyənin müdafiə xərcləri ümumi daxili məhsulun (ÜDM) 1,31 faizini təşkil edib.

Keçmiş ABŞ Prezidenti Donald Tramp vəzifədə olduğu müddətdə NATO-dakı Avropa ölkələrinə müdafiə xərclərini artırmaları üçün təzyiq edirdi.

ABŞ-da 5 noyabrda keçiriləcək prezident seçkisində yenidən namizəd olan Tramp seçki kampaniyasında bu arqumenti tez-tez vurğulayır.

 

4. NATO Rusiyaya qarşı müdafiəsini necə gücləndirir?


NATO komandirləri 2023-cü ildə Şimal qütbü və Şimali Atlantikada, Mərkəzi Avropada və ya Aralıq dənizi bölgəsində mümkün Rusiya hücumlarına qarşı detallı planlarla bağlı razılaşıb.

Bundan başqa, NATO Avropada yüksək hazırlıqda gözləyən qüvvələrin sayını 40 mindən 300 mindən yuxarıya kimi qaldırmağı planlaşdırıb.

Bundan əlavə, Rusiya səkkiz döyüş qrupu ilə sərhəddə Şərq cinahında müdafiəsini gücləndirib.

May ayının sonunadək NATO İsveçlə yanaşı, 31 ölkədən 90 min heyətin iştirakı ilə bu günə qədərki ən böyük hərbi təlimlərindən biri olan “Steadfast Defender” təliminə hazırlaşır.

 

5. NATO üzvləri Ukraynaya hansı silahları verir?


NATO özü bir qurum kimi Ukraynaya silah göndərməyib, ancaq bəzi üzv ölkələr fərdi olaraq bunu edirlər.

ABŞ, Böyük Britaniya, Almaniya və Türkiyə Ukraynaya tank əleyhinə silahlar, raket əleyhinə müdafiə sistemləri, artilleriya silahları, tanklar və silahlı pilotsuz uçuş aparatları (PUA) göndərib.

ABŞ, Fransa və Böyük Britaniya da uzaqmənzilli raketlər tədarük edib.

Almaniyanın araşdırma qurumu “Kiel İnstitute” açıqlayır ki, ABŞ Ukraynaya hərbi dəstək üçün 50,4 milyard avro, Avropada- Danimarka, Almaniya, Hollandiya, Polşa və Böyük Britaniya isə ümumilikdə 32 milyard avro ayırıb.

ABŞ Danimarka və Hollandiyanın Ukraynaya “F-16” döyüş təyyarələri verməsinə və pilotlara təlim keçməsinə icazə verib.

Hollandiya tezliklə 18 ədəd “F-16” təyyarəsi göndərə biləcəyini açıqlayıb.

Bununla belə, NATO ölkələri Ukraynaya qoşun yeritmir və ya öz hava qüvvələrini region üzərində uçuşa qadağa zonası tətbiq etmək üçün istifadə etmir. Çünki bu, Rusiya ilə birbaşa münaqişəyə səbəb ola bilər.

 

6. Ukrayna ittifaqa qoşulacaqmı?


Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın mümkün olan ən tez vaxtda NATO-ya qəbul olunmasını istəyib.

Stoltenberq isə bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü “qaçılmazdır”, lakin müharibə bitənə qədər bu baş verməyəcək.

2023-cü ilin iyul ayından NATO Ukrayna Şurası Ukraynanın Rusiyadan özünümüdafiəsinə kömək üçün olan səyləri əlaqələndirir.

ABŞ-ın rəhbərlik etdiyi Ukrayna Müdafiə Əlaqə Qrupu Ukraynaya hərbi silah yardımını koordinasiya edir və ordunun Rusiyadan müdafiəsi üçün təlimlər keçir.

Rusiya ittifaq qüvvələrini öz ərazisinə çox yaxınlaşdıracağından narahat olduğu üçün Ukraynanın NATO-ya qoşulması fikrinə qarşı çıxır.

NATO Ukraynaya dəstək üçün 5 il ərzində 100 milyard dollarlıq fondu aktivləşdirərək bu rolu öz üzərinə götürməyi təklif edir.

 





12.07.2024    çap et  çap et