Vaxt.Az

Baydenə “geri çəkilmək” təzyiqi


 

Milyon dollarlıq ianə təhlükə altındadır ...

Baydenə “geri çəkilmək” təzyiqi ABŞ-ın keçmiş prezidenti Donald Trampla bir daha prezidentlik yarışına girməyə hazırlaşan Demokrat namizəd Baydenin canlı yayımda rəqibi ilə debatından sonra yarışdan geri çəkilməsi ilə bağlı müzakirələr davam edir.

“New York Times”ın məlumatına görə, bəzi tanınmış Demokrat donorlar, ABŞ Prezidenti namizədliyini geri götürməsə, Bayden tərəfdarı olan ən böyük super PAC (political action committee – siyasi fəaliyyət komitəsi) olan “Future Forward”a verdikləri 90 milyon dollarlıq ianə vədinə sadiq qalacaqlarını açıqladılar.

Adı açıqlanmayan mənbələrə görə, iyunun 27-nə keçən gecə Baydenin “fiasko” olaraq xarakterizə edilən canlı yayım performansından sonra “Future Forward” mümkün alternativlər üçün sorğu keçirib. Sorğuda Bayden vitse-prezident Kamala Harris, Kaliforniya qubernatoru Qeyvin Nyuson (Gavin Newsom) və Miçiqan qubernatoru Qretçen Vaytmer “Gretchen Whitmer” kimi adlar qarşısında “ən pis” seçim olaraq seçilib.

“Future Forward”, 2024-cü ilin əvvəlində Bayden kampaniyası tərəfindən aparıcı super PAC olaraq təyin edildi. Siyasi komitə, Baydenin rəsmi olaraq namizəd kimi tanınacağı avqustun 19-da Çikaqoda keçiriləcək Demokratik Milli Konqresdən sonra noyabrda keçiriləcək seçkilərə qədər 250 milyon dollar dəyərində televiziya və rəqəmsal reklam rezervasiyaları etdiyini açıqladı.

Qeyd olunur ki, sözügedən PAC və onun törəmə şirkətləri Baydenin seçki kampaniyası üçün indiyədək 430 milyon dollar ianə toplayıb.

Digər tərəfdən, Nümayəndələr Palatasının azlıq lideri demokrat Hakim Ceffri (Hakeem Jeffries) ABŞ Konqresindəki qrup üzvlərinə məktub göndərərək, Baydenlə dünən axşam keçirdiyi görüşlə bağlı məlumat verib. Bildirilib ki, o, Nümayəndələr Palatasının demokrat üzvlərinin “hərtərəfli fikirlərini” Baydenə çatdırıb.

Koloradodan olan Nümayəndələr Palatasının üzvü Britani Pettersen (Brittany Pettersen) Baydeni “yarışdan çəkilməyə” çağırsa da, bu qrupa qoşulan son ad Kaliforniya nümayəndəsi Mayk Levin olub. Levin “Yeni liderlə birlikdə hərəkət etməyin vaxtıdır”, – deyib. Bəyanatlarını bölüşərək, o, Nümayəndələr Palatasının Baydenin yarışdan çəkilməsinə açıq çağırış edən 19-cu demokrat üzvü oldu.

Demokratlar Partiyasının gənclərdən ibarət iqlim qrupu olan “Günəşin Doğuşu Hərəkatı” da yazılı açıqlama verərək Baydeni “məşəli yeni namizədə ötürməyə” çağırıb. Hərəkatın prezidenti Eyru Shini-Acay (Aru Shiney-Ajay), son bir neçə həftə ərzində ölkə daxilində gənclərlə söhbət etdiyini bildirərək, “Biz Baydenin gəncləri səfərbər etmək və seçkilərdə qalib gəlmək vəziyyətində olmamasından narahatıq”, – deyib.

Hərəkat 2020-ci il seçkilərində Bayden üçün gənc seçicilərin təşkilində əsas rol oynayıb və Ağ Ev bu qrupla Baydenin səlahiyyət müddəti ərzində bəzi əsas iqlim təşəbbüsləri üzərində işləyib.

 

Baydenin sağlamlıq vəziyyəti

 

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün mübarizə aparan Demokratlar Partiyasının üzvü Co Bayden və onun Respublikaçı rəqibi Donald Tramp iyunun 27-nə keçən gecə CNN-də canlı yayımlanan ilk debatda qarşılaşıblar.

81 yaşlı Bayden ikinci müddətə namizədliyi dövründə yaşı ilə bağlı narahatlıqları təmin etmək üçün kifayət qədər performans göstərə bilməyib və proqramdan sonra ciddi tənqidlərə məruz qaldı.

Baydenə Demokrat Partiyasının üzvləri, Baydeni dəstəkləyən bəzi media orqanları, məsələn, “New York Times” və bir çox məşhurlar tərəfindən “prezident seçkilərindən geri çəkilməyə” çağırış edilib.

Bayden isə səhhətinin əvvəlki kimi olmadığını etiraf etsə də, Trampa qarşı hələ də ən yaxşı alternativ olduğunu bildirib və yarışdan çəkilməkdən imtina edib.

 





13.07.2024    çap et  çap et