Kreml Avropa paytaxtlarını hədəfə almaqla hədələyib və Avropa ölkələrini Berlinin öz ərazisində ABŞ-ın uzaqmənzilli raketlərini yerləşdirməsinə cavab olaraq özlərini riskə atmaq barədə xəbərdarlıq edib. Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Avropada “hipersəsli” raketlər yerləşdirməsinin mümkünlüyü ilə bağlı suala belə cavab verib: “Bizim bu raketlərin qarşısını almaq üçün kifayət qədər imkanımız var. Bununla belə, yəqin ki, burada qurbanlar Avropa ölkələrinin paytaxtları olacaq”.
Vaşinqton 1990-cı illərin sonundan bəri ilk dəfə olaraq Almaniyada Moskvanı vura bilən uzaqmənzilli raketləri yerləşdirəcəyini açıqlayıb. NATO sammitində birgə bəyanat verən ABŞ və Almaniya 2026-cı ildə Almaniyada uzaqmənzilli silahlar yerləşdirməyə başlayacaqlarını açıqlayıb. Bu açıqlama Rusiyanı cavab tədbiri görəcəyini söyləməsinə səbəb oldu.
Peskov bildirib ki, Soyuq Müharibə dövründə ABŞ-ın Avropadakı raketlərinin hədəfi Rusiya, Rusiya raketlərinin hədəfi isə Avropa olub və bu, qitə ölkələrini mümkün münaqişənin əsas qurbanına çevirib. Peskov, “Avropa indi dağılmaq ərəfəsindədir. Bu, Avropa üçün ən yaxşı dövrlər deyil, bu və ya digər şəkildə tarix təkrarlanacaq”, – o, deyib.