Vaxt.Az

“Savaş!”


 

“O, Amerikanı xilas etmək üçün mübarizəni heç vaxt dayandırmayacaq”

“Savaş!” ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın Pensilvaniyada seçki mitinqində güllələnməsi ABŞ-ı dərindən sarsıdıb. ABŞ mediası Trampın ikonik pozası və dediyi tək kəlmə ilə diqqət çəkərkən, İngiltərə mediası Trampın Ağ Evə qayıda biləcəyini yazıb. Vaxt.az dünya mətbuatının diqqətçəkən təhlillərini təqdim edir.

Tarix göstərir ki, ölüm təhdidləri ABŞ prezidentləri üçün peşə təhlükəsinin bir formasına çevrilib və onlardan dördü talenin hökmü ilə barışmalı olub. Dörd keçmiş prezidentləri Avraam Linkoln, Ceyms Qarfild, Uilliam MakKinli və Con Kennedi sui-qəsdlər nəticəsində həyatını itirib. Hər bir prezidentin ölümü ABŞ və dünya üçün dramatik nəticələrə səbəb oldu.

Britaniyanın “The Telegraph” qəzeti Trampın həyatına hücumun hər şeyi dəyişdiyini yazıb və “Donald Trampa qarşı sui-qəsd onilliklərin ən mühüm anlarından biridir və bu, bizə Trampın Ağ Evə qayıdacağını göstərir”, – deyib.

Hücumdan sonra Trampın səslərinin arta biləcəyinə diqqət çəkən qəzet, 1981-ci ildə güllələnən ABŞ-ın keçmiş prezidenti Ronald Reyqana belə xatırladıb: “Trampın danışdığı ərazidə eşidilən silah səslərindən sonra ABŞ-da hər şey dəyişdi. Şənbə günü baş verənlərdən sonra Trampın səsini daha da artıracaq. ABŞ-ın keçmiş prezidenti Reyqanın güllələndikdən sonra səsləri də 8 faiz artım göstərmişdi.

“Associated Press”in fotoqrafı tərəfindən çəkilmiş tarixi görüntüdə Trampın qan içində yerə yıxılaraq, daha sonra ölüm ayağından qalxdığı görünür. Məxfi xidmət agentlərinin əhatəsində o, dərhal yumruğunu havaya qaldırdı və ağzından bircə söz çıxdı: “Döyüş!” (“Fight!”) (Həmin anı videonun 18-20-ci saniyələrində görə bilərsiniz).

 

Vermək istədiyi mesaj çox açıqdır

 

Trampın oğlu hadisədən dərhal sonra atasının şəklini paylaşıb: “O, Amerikanı xilas etmək üçün mübarizəni heç vaxt dayandırmayacaq”.

Tramp hücumdan sonra verdiyi ilk açıqlamada “Ölkəmizdə belə bir hərəkətin baş verməsi inanılmazdır” deyib. Bu bəyanatın altında yatan fikir aydındır: “Amerika dağılıb və mən onu düzəldəcəm”.

Tramp seçki kampaniyasını hər kəsin ona qalib gəlməyə çalışdığı ideyası üzərində qurub. Federal prokurorlar, hakimlər, seçki rəsmiləri, rəqib siyasətçilər və jurnalistlər onun kampaniyasını çökdürməyə və Ağ Evə qayıtmasına mane olmağa çalışmaqda ittiham olunurlar.

Bu iddiaların çoxu haqlı olaraq mübahisələndirildi. Lakin dünən gecə baş verən hadisədən sonra hətta Trampın ən qatı düşmənləri belə mübahisə edirlər ki, onun yenidən seçilməkdənsə, öldüyünü görməyə üstünlük verən insanlar var.

“Trampın tərəfdarları iddia edirlər ki, sui-qəsd cəhdi ABŞ-ı xilas etmək üçün aparılan müharibənin son mərhələsidir və bu ritorika indi kampaniyada üstünlük təşkil edəcək”.


NYT havada qaldırılan yumruğa diqqət çəkir


ABŞ-ın ünlü qəzetlərindən “New York Times” (NYT) da Trampın yumruğunu qaldırmasına diqqət çəkərək, bunun onun instinktlərini ortaya qoyduğunu yazıb: “Donald Tramp təzəcə güllələnmişdi, ayağa qalxdı. Onun ağ köynəyinin yaxası açıq idi, papağı artıq başında deyildi. Ətrafdakı agentlər hamı bir ağızdan “Biz buradan getməliyik” deyirdilər. Tramp pərəstişkarlarına yaxşı olduğunu bildirmədən səhnəni tərk etmədi və ətrafdakı agentlərə “gözləyin” dedi. O həmin ana əvvəldən hazırlaşmamışdı”.

“Washington Post” qəzeti hadisənin Ağ Ev uğrunda onsuz da qaranlıq və təlatümlü yarışı tamamilə alt-üst etdiyini yazıb. Trampın komandasının seçkiqabağı kampaniya baxışını mütləq dəyişəcəyini yazan qəzet, Trampın üzü qan içində, yumruğu havada olan şəklinin artıq sosial mediada yayıldığını vurğulayıb. Rays Universitetindən Duqlas Brinkli də qəzetdə “Amerika psixikasında təzyiq altında mətanət və cəsarət görməyi sevən bir şey var və Trampın havada yumruğu yeni simvol olacaq”, – deyib.

“The Wall Street Journal” qəzeti sui-qəsd cəhdinin ABŞ-ın siyasi tarixində qara günə düşdüyünü yazıb. Qəzet Trampın yaralanmasına baxmayaraq meydandan tərpənərək səhnədən düşdüyünü yazıb və respublikaçıların açıqlamalarına yer verib. Respublikaçılar bu hadisənin solun Trampa qarşı düşmənçiliyinin kulminasiya nöqtəsi olduğunu irəli sürüblər.

 

ABŞ-ın lənətli tarixində yeni səhifə açılıb

 

“CNN İnternational” öz təhlilində Trampa qarşı sui-qəsdin ABŞ-ın lənətlənmiş tarixində yeni səhifə açdığını yazıb və “Müasir tarixin ən gərgin dövrlərindən birində baş verən hücum ölkəni sarsıtdı” deyib.

“Associated Press”dən Evan Vucci tərəfindən hücumdan dərhal sonra çəkilən fotoda Tramp bir əli havaya qaldırıb, yumruğunu qaldırıb, üzündən qan axaraq görünür. CNN-in məlumatına görə, bu poza arxasında ABŞ bayrağı ilə birlikdə anında əlamətdar məqama çevrildi və ABŞ xalqı üçün tarixi travmaları canlandırdı.

ABŞ prezidenti Baydenin yaşının irəliləməsi və psixi sağlamlığı ilə bağlı narahatçılıqları ilə mübarizə apardığı bir vaxtda baş verən hadisə seçki ilinə daha bir siyasi element əlavə etdi.

 





14.07.2024    çap et  çap et