Vaxt.Az

Mülkilər arasında ən çox alınan silah


 

Trampa sui-qəsddə istifadə edilən AR-15 avtomatı haqda bilmədiklərimiz

Mülkilər arasında ən çox alınan silah ABŞ-ın keçmiş prezidenti Donald Trampın Pensilvaniyadakı mitinqində sui-qəsd cəhdindən sonra təcavüzkarın istifadə etdiyi bildirilən AR-15 tipli yarı avtomatik tüfənglə bağlı müzakirələr yenidən gündəmə gətirilib.

“Washington Post” qəzetinin yazdığına görə, adının çəkilməsini istəməyən ABŞ rəsmisi mitinq zamanı Trampa sui-qəsd cəhdi etdiyi bildirilən və hadisə yerində öldürülən şübhəlinin “ArmaLite Rifle Model 15” ( AR-15) tipli avtomatından istifadə etdiyini bildirib.

Tomas Metyu Kruksun istifadə etdiyi AR-15 tipli avtomat silah ilkin olaraq hərbi istifadə üçün nəzərdə tutulsa da, silah istehsalçıları öz versiyalarını işə saldıqca ABŞ-da mülki şəxslər tərəfindən ən çox satın alınan silahlardan birinə çevrildi.

Kruksun tərəfindən istifadə edilən AR-15, ABŞ ordusunda istifadə edilən M16-nın yarı avtomatik mülki modelidir.

“Washington Post” və “Ipsos”un 2022-ci ildə apardığı sorğu məlumatlarına görə, ABŞ-da yetkinlik yaşından yuxarı hər 20 nəfərdən biri Trampa sui-qəsddə istifadə edilən silaha sahibdir. Bu o deməkdir ki, ölkədə təxminən 16 milyon insanda ən azı bir AR-15 var.

Uzunluğu 991 millimetr, çəkisi 2,97 kiloqram olan tüfəngin effektiv atış məsafəsi 457 metrdir.

Yüksək sürətlə güllə atmaq qabiliyyətinə malik olan silahdan atılan güllələr, orqanları bir anda məhv edəcək qədər güclü bir zərbə dalğası ilə hədəfə dəyir.

AR-15-in kiçik və yüngül, 223 kalibrli (5,56 millimetr) gülləsi saniyədə təxminən 1006 metr sürətinə malikdir. Yəni güllə 6 futbol meydançası məsafəsini 1 saniyəyə qət edə bilir.

Bildirilir ki, güllə döş qəfəsinə dəyərsə, ağciyər toxumasını qopara, sinirləri və damarları zədələyə, ölümlə nəticələnən ağır qanaxmaya səbəb ola bilər.

Sürətinə görə güllə “partlayış effekti” yaradır və bədəndən keçdiyi xətdən kənarda daxili zədələrə səbəb olur.

Hədəfi vurduqdan sonra AR-15 tipli avtomat silahın gülləsi 9 millimetrlik silahdan daha geniş, bədəndən çıxış nahiyəsində açıq yaraya səbəb olur.

Şahidlərin dediyinə görə, silah atəş açıldıqdan sonra atəşfəşanlıq və ya “uğultu” kimi yüksək səs çıxarıb.

“Washington Post” və “Ipsos”un 2022-ci il sorğusu da göstərir ki, AR-15-dən sahib olan insanlar əsasən “40-65 yaş arası, ağ dərili kişilər və Respublikaçılar Partiyasının tərəfdarlarıdır”.

 





14.07.2024    çap et  çap et