“Bəlkə də bu uçan metal zirehləri hazırlamağın vaxtıdır”. İlon Mask, bu fikri bazar günü “X” sosial şəbəkəsində təhlükəsizliyini “artırmağı” xahiş edən bir istifadəçiyə cavab olaraq bildirib.
Bəzi “X” istifadəçiləri Trampın 2024-cü il prezidentliyə namizədliyini dəstəklədiyini elan etdikdən sonra “Tesla”nın patronundan təhlükəsizliyini gücləndirməsini istəyib.
Mask, “Bizi təhlükəli dövrlər gözləyir” deyərək, “son 8 ayda” iki nəfərin “ayrı-ayrı hadisələrdə” onu öldürməyə cəhd etdiyini iddia edib.
Milyarder biznesmen heç bir təfərrüat paylaşmadan, “Silahlılar “Tesla”nın Texasdakı baş qərargahından təxminən 20 dəqiqəlik məsafədə saxlanılıblar”, – deyib.
Maskın şərhləri prezidentliyə namizədin həyatına sui-qəsddən sonra Trampı “tam” dəstəklədikdən sonra gəlib.
“Bloomberg News”a görə, Mask həmçinin Trampın seçilməsi üçün çalışan siyasi fəaliyyət komitəsi olan “America PAC”a açıqlanmayan bir məbləğ ianə edib.
“Mən prezident Trampı tam dəstəkləyirəm və onun tezliklə sağalmasını arzulayıram”, – Mask deyib.
Tramp Pensilvaniyanın kəndlərində seçki kampaniyası zamanı səhnəyə çıxdıqdan təxminən 15 dəqiqə sonra güllələnib.
Güllə onun sağ qulağını deşib və Tramp dərhal Məxfi Xidmət əməkdaşları tərəfindən qorunaraq götürülüb.
Keçmiş prezidentin üzü qan içində səhnədən götürülməsinin geniş şəkildə paylaşılan fotosunu dərc etdikdən sonra Mask Məxfi xidməti hücumun qarşısını ala bilməməkdə günahlandırıb və səriştəsizlikdə ittiham edib.
“Ya həddindən artıq bacarıqsızlıqdırlar, ya da qəsdən ediblər. Hər iki halda, Məxfi xidmət direktorları istefa verməlidir”.
Amerikada sonuncu dəfə belə sərt namizəd Teodor Ruzvelt olub.
Keçmiş prezident isə Məxfi xidmətə təşəkkür edib və özünün sosial media şəbəkəsi olan “Truth Social”da mitinqdə həlak olan şəxsin ailəsinə başsağlığı verib.
“Ölkəmizdə belə bir hərəkətin baş verə bilməsi inanılmazdır” deyən Tramp hücumdan sonra hələ də “davamlı” və “cəsarətli” olduğunu bildirib.