Robbinsin ssenarisi, rejissorluğu və baş rolda çəkildiyi film, Pensilvaniyada ABŞ Senatına namizəd olan populist mühafizəkar siyasətçinin yüksəlişini əks etdirir.
Filmdə qondarma personaj olan Roberts ictimai dəstəyi artırmaq və seçkidə qalib gəlmək üçün bir sui-qəsdçi tərəfindən vurulmağa hazır idi.
Bəzi sosial media istifadəçiləri Trampın şənbə günü Bob Roberts kimi sorğu nəticələrini artırmaq üçün “saxta” sui-qəsd cəhdini təşkil etdiyini iddia edib.
***
Uzun müddət mütərəqqi fəal olan və Trampı dəstəkləməyən Robbins sosial media hesabından verdiyi açıqlamada bunları deyib: “Mənim “Bob Roberts” filmimlə Trampa sui-qəsd cəhdi arasında paralellər aparan hər kəsə ayıb olsun. Dünən baş verənlər prezidentliyə namizədin həyatına əsl sui-qəsd idi. Hadisənin reallığını inkar edənlər həqiqətən balanssız bir zehniyyətə sahibdirlər”.
Baş verənləri xatırlayan 65 yaşlı kinorejissor sözlərini belə davam edib: “Dünən bir nəfər güllələnib. Başqa biri öldürülüb. Siyasi baxımdan razılaşdığınız insanlar olmaya bilər, amma utanın. Bu insanlara qarşı kor-koranə nifrətinizi bir kənara qoyun. Onlar bizim həmvətənlərimizdir. Bu kollektiv nifrət ruhumuzu öldürür və insanlıq hissimizi yeyir”.
Tənqidçilər tərəfindən təriflənən “Bob Roberts” həm də Tim Robbinsin rejissorluq debütüdür.