Vaxt.Az

Tramp adlı qasırğa


 

Hətta silahdaşlarının belə üz döndərdiyi Bayden şanssızdır

Tramp adlı qasırğa Özünüzə Ağ Evdə prezident kreslosunu rezerv etmək başqa şeydir, tarixdə seçilən bir kreslo saxlamaq başqa şeydir. Tarix bir silgidir, yalnız silinməz izlər qoyanlar ona qarşı dura bilər. Tarixdə yer tutmaq üçün ABŞ prezidenti öz hekayəsini elə yazmalıdır ki, bu, ölkəsinin hekayəsində daimi elementə çevrilsin. Bu əsərin həm qəhrəmanı, həm də qurbanı olmalıdır. Qışqıran insanın xüsusiyyətləri hamıya məlumdur. Əsas məsələ sarayını, möhürünü itirəndə populyarlığı azalacaq prezident deyil, lider olmaqdır.

Bu hekayələrin qəhrəmanı olmağın şərtləri var və sizə qarşı irəli sürülən ittihamlar nə qədər şiddətli olsa da, inamı sarsılmayan silahdaşlarınız, yuxusunu pozduğun və sənə qarşı nifrətlərinin külünü daima qızışdıracaq düşmənləriniz, məhkəmələrdəki hakimlər kağızlarınızı və həyatınızı araşdıranda sizi qurban kimi görəcək tərəfdarlarınız olmalıdır. Böyük media orqanları qələmləri ilə üzərinizə düşəndə, ölkəni və xalqını epidemiyanızdan qorumaq üçün peyvənd kampaniyası tələb etdikdə, yazarlar sizin o qədər də səhvlər və o qədər də kiçik olmayan qüsurlar qabartmaq uğrunda yarışanda onların oxucuları arasında sizə inanlar olmalıdır.

Hekayənin şərtlərini tamamlamaq üçün xalqların, ölkələrin, ittifaqların taleyinin formalaşmasında dönüş nöqtəsi kimi insanların qarşısına çıxmaq lazımdır. Siz fırtınaları dəf edə biləcəyinizi göstərməlisiniz. Siz geri çəkilmək niyyətində olmayan boksçu olduğunuzu və keçmiş prezident və ya uğursuz namizəd titulunu saxlamaqdansa, rinqə çıxmağı üstün tutduğunuzu sübut etməlisiniz. Sizi parçalamaq arzusunda olan qəzetlərdə belə diqqəti cəlb etmək və manşetləri “bəzəmək” bacarığınız olmalıdır. Seçimlərinizi qeyri-müəyyənlik əhatə etməlidir. Bir ölkəni, bir qitəni və ya qlobal dünyanın bütün əhalisini təəccübləndirməli və həyəcanlandırmalısınız. Zəif cəhətlərinizi güclü tərəflərə çevirməlisiniz. Sizin üçün qurulmuş tələyə düşmənlərinizi salmaq, fürsətləri dəyərləndirmək bacarığınız olmalıdır. Və təbii ki, heç kim ruhunuzun dərinliklərində nə olduğunu, sevgi və nifrətinizin sərhədlərini bilməməlidir.

Avropa adlanan qoca qitəni, Çin imperatorunu narahat etmək, Kreml taxtında oturan “yoldaşı” öz hədiyyələrinin hüdudlarına əmin etmək, Zelenskini rahatlandırmaq asan deyil.

Tramp maraqlı hekayədir. O, azarkeşlərinin emosiyaları ilə oynayan, rəqiblərini təəccübləndirməyi bacaran istedadlı oyunçudur. Həmçinin oyun istehsalçısı və sürprizlər anbarıdır. Özünü ABŞ-ın dərmanı kimi təqdim etmək üçün “sövdələşmənin” sirrinə arxalanan iş adamı, ölkəsinin tənəzzülünü dayandıracaq və böyüklüyünü bərpa edəcək “dopinq”ə malik olduğunu söyləyir. O, böyük bir dönüş nöqtəsində orduya rəhbərlik edən general deyil. O, beynəlxalq münasibətlər və qüvvələr balansı üzrə təcrübəli ekspert deyil. Onun Amerika ictimaiyyətinin bir hissəsinin yaralarını qaşıyan qısa cümlələri var. Ancaq xilaskarın öz missiyasını yerinə yetirməsinin qarşısını almaq üçün sui-qəsdlərin təsviri gücləndirilmədikcə, qurban obrazı yaranmadıqca hekayə tam deyil.

Bir neçə həftə əvvəl Tramp qiymətli hədiyyə aldı. Yaşı səksəndə olan, Ağ Evdə qalma müddətini uzatmaq istəyən Co Baydenə sağlığı xəyanət etdi. Ekranda, tamaşaçıların və qanına susamış tənqidçilərin qarşısında yaddaşın itməsindən daha qəddar bir şey yoxdur. Demokrat Partiyası çaşqın idi. Tramp qasırğasını Zelenski ilə Putini qarışdıran adam dəf edə bilərmi? Bayden inadkardır. O, ABŞ-ı Donald Trampın qayıdışından xilas edən adam kimi tarixə düşmək istəyir.

Bayden şanssızdır. Yaddaşı şıltaqlığını seçkidən sonraya ertələsəydi, partiyasında, dostları arasında üzdöndərmələr baş verməzdi. Yaddaşı xəyanət etdiyi üçün fırtınalar və geri çəkilmək tövsiyələri ilə üzləşdi. Amma qoca, inadkar atın yarışdan geri çəkilməsini istəmək nə qədər qəddarlıqdır. Bayden bədbəxtlik azmış kimi, daha böyük və daha şiddətli başqa müsibətləri yaşayır.

Bu, şəkillər dünyasıdır. Onlar raketlərdən daha sürətli və qorxuludur. Şəkillər evləri və xatirələri hədəf alır və orada məskunlaşır. Üzündəki qan zolağı ilə yumruğunu qaldıran Trampın görüntüsünə necə müqavimət göstərə bilərik? “Respublikaçılara və Trampa nifrət edən” gənc ona ən böyük platformaya qurbanlıq kostyumunda çıxmaq üçün qızıl fürsət verdi. Bayden bilir ki, sui-qəsd cəhdini dərhal pisləyənlərin çoxu indi onun süqutuna, məğlubiyyətlə barışıb geri çəkiləcəyinə ümid edir.

Zorakılıq ABŞ üçün yad deyil. Sui-qəsd yarandığı gündən mövcud idi. 45 prezidentdən 4-ü qətlə yetirilib. Dörd prezident Ağ Evdə yaşadığı zamanı təbii şəkildə dünyasını dəyişib. Bəzi prezidentlər sui-qəsd cəhdlərinə məruz qalsa da, digərlərinə qarşı sui-qəsd planları hələ səhnələşdirilməzdən əvvəl iflasa uğradı. Qanunların, maneələrin və məhdudiyyətlərin olmadığı müasir dünyada sosial media platformalarında axan söz-söhbətlər, uydurma görüntülər və nifrət çayları sui-qəsd meylini daha da gücləndirir desək, mübaliğə olmaz. Bugünkü dünya nifrətlə yuyulub. Ünsiyyət vasitələri şikayətlərin ifadəsi üçün qeyri-məhdud imkanlar təqdim etməklə yanaşı, həm də nifrət, qisas, fanatizm, görüntülərin və faktların təbliğ və ya təhrif edilməsi üçün böyük platformadır.

ABŞ seçkilərə dünya ilə birlikdə gedir. Çünki nə ABŞ dünyadan, nə də dünya ondan əl çəkə bilməz. Bu iqtisadiyyatın, donanmanın, texnologiyanın və universitet imperiyasının taleyidir. Bu, qorxu, yoxsulluq, ədalətsizlik və yaralı canavarların iştahası ilə üzləşən qlobal ölkənin gələcəyi deməkdir. Keçmiş prezident diqqətləri təhlükəli oyun sayılan “Amerikan futbolu”nun ulduzlarından özünə çəkib. Beləliklə ABŞ siyasətində Tramp adlı qasırğanın maraqlı hekayəsində yeni fəsil başlayır.

 





15.07.2024    çap et  çap et