Maraqlı adamlarıq. Qulaqlara səs dəyib ki İranın yeni prezidenti “islahatçı”dır. Ya deyib ki, mən türkəm.
İndi hərə əlinə öz arşınını alıb, sağa-sola, aşağı-yuxarı ölç-ha-ölçdür. Yox, burası islahatçıya uyğun gəlmir, yox o dediyi islahatçı sözü deyil…
Arşınlar da cürbəcür. Xəyali arşınlar.
Unudurlar ki, söhbət İrandan gedir.
Elə bil Məsud Pezeşkian İran “islahatçı”sı yox, ya ABŞ, yaxud Alman və ya Polşa “islahatçı”sıdır.
Sanki xəbərləri yoxdur ki, İran molla inqilabından sonra “islahatçı” dedikləriniz nə az-nə çox, 16 il İran prezident olublar. “Böyük islahatçı” Məhəmməd Hatəmi, sonra da Həsən Ruhani, ABŞ təhsilli-filan.
Onların 16 ildə etmək istədikləri və ya edə bildikləri “islahatlara” baxın, öyrənin, onda görərsiniz Məsud Pezeşkiandan hansı islahat gözləyə bilərsiniz.
Ya olsun daxili siyasət və ya xarici siyasət.
İranda Prezidentdən öncə söz sahibi olan Ali rəhbər var, onun əlinin altında üləma ordusu var. Sonra ona tabe SEPAH var. Ölkənin əsas damarları onların əlində. Silah, pul, səlahiyyət. Prezidenti vertalyota mindirib saltoya salarlar. )
Geriçilərin əlində olan parlament var.
Məsut Pezeşkianın nəsə edə bilməsi, hansısa fərqli şüarlar söyləyə bilməsi üçün bəlli şərtlər və şərait lazımdır.
Belə şərt və şərait yetişə bilər.
Məncə Məsut Pezeşkianın türk olması faktının özü və bunun dünyaboyu yayılması, İrandakı türklərin onu seçkilərdə ən çox dəstəkləməsi, Təbrizdə seçki görüşlərində “Yaşa Azərbaycan” mahnısı səsləndirməsi, bunlardır önəmli.
Bunlar güneylilərə milli ruh verdi. İnam toxumları səpdi. Bunlar cücərəcək.
Məncə Pezeşkian bütün çətinliklərə baxmayaraq İranı Azərbaycanla, Türkiyə ilə yaxınlaşdırmağa, buzları əritməyə, narazılıqları yumşaltmağa yönələn bir siyasət yürütməyə çalışacaq.
Türk faktorunu aktivləşdirəcək.
Hətta mümkündür ki, onun addımları paniranist imperialistlərin, anti-türkçülərin açıq narazılığını doğuracaq.
Bir az gözləyək.