“CNN İnternational”ın məsələ ilə bağlı məlumatlı insanlara əsaslanaraq verdiyi məlumata görə, ABŞ səlahiyyətliləri sui-qəsdlə bağlı kəşfiyyat məlumatlarını etibarlı “mənbələrdən” əldə ediblər.
Alınan məlumatdan sonra ABŞ Məxfi xidmətinin Respublikaçı prezidentliyə namizəd ətrafında təhlükəsizliyi artırdığı iddia edilib.
Adı açıqlanmayan mənbələr 13 iyul mitinqində Trampa sui-qəsd cəhdi edən və hadisə yerində öldürülən 20 yaşlı Tomas Metyu Kruksun İran hücumu ilə əlaqəsi olduğuna dair heç bir məlumatın olmadığını iddia edib.
İran təhdidinin təfərrüatlarının Tramp düşərgəsi ilə paylaşılıb-paylaşılmadığı məlum deyil. 78 yaşlı siyasətçinin seçki kampaniyası komandası tərəfindən edilən şərhdə, “Prezident Trampın təhlükəsizliyi ilə bağlı təfərrüatları şərh etmirik. Bütün suallar ABŞ Məxfi xidmətinə göndərilməlidir”.
Digər tərəfdən, xəbər bizə Məxfi xidmətin sözçüsü Entoni Quqlielminin bazar günü verdiyi açıqlamanı xatırladıb. Quqlielmi bildirmişdi ki, Trampın təhlükəsizliyi ilə bağlı tədbirlərə “qoruyucu resurslar, texnologiya və imkanlar” əlavə edilib.
“CNN İnternational”a danışan mənbələr bildiriblər ki, Məxfi xidmət rəsmiləri Trampın kampaniya komandasına açıq havada mitinqlərə qarşı xəbərdarlıq ediblər, lakin bunlar “daha ümumi xarakter daşıyır”.
***
İranın BMT-dəki Daimi Nümayəndəliyi “CNN İnternational”da yayılan iddialarla bağlı açıqlama verib.
Bəyanatda deyilir ki, İrana görə Tramp “iranlı general Qasım Süleymaninin öldürülməsinə göstəriş verən cinayətkardır”.
Açıqlamada Trampın məhkəmələr tərəfindən mühakimə olunmalı və cəzalandırılması lazım olduğu qeyd edilərək, “İran ədalətin bərqərar olması üçün qanuni yolu seçdi” bildirilib.
Açıqlamada İranın ABŞ-ın keçmiş prezidenti Trampa sui-qəsd cəhdi edəcəyinə dair kəşfiyyat məlumatlarına malik olduğu iddiaların “əsassız və qərəzli” olduğu vurğulanıb.