Onların sözlərinə görə, hər gün orta
məktəblərin yuxarı sinif şagirdləri təhsil müəssisələrindən çıxarılaraq, parada
hazırlıqlarla bağlı məşq keçirilən əraziyə aparılır. Sakinlər onu da
bildirdilər ki, bu barədə Sumqayıtın icra başçısı Eldar Əzizov birbaşa göstəriş
verib.
Sumqayıt şəhər sakini Tahir Mustafayev
şəhərin bütün məktəblərində bu halların baş alıb getdiyini qeyd etdi: «Hazırda
Sumqayıtda təhsilin səviyyəsi sıfıra enib. Bu da məktəblilərin təhsildən
yayındırılıb, küçələrə tökülməsi ilə əlaqədardır. Aprel, may aylarında
ümumiyyətlə dərs keçirilməyəcək. Hər kəsi parada cəlb edirlər. Eldar Əzizov
icra hakimi təyin olunandan bu hallar baş verir.
Keçən il də şagirdləri dərs adı ilə
məktəblərə çağırıb, demək olar ki, hər gün məşqə aparırdılar. Səbəbini
öyrənməyə çalışırıq. Amma bizə bu barədə məlumat vermək istəmirlər. Mən
valideyn iclasında bu barədə fikir səsləndirdim. Amma sinif rəhbəri konkret
mənə dedi ki, bu tapşırıq «yuxarıdan» gəlib, yəni bizlik deyil. Ən çox bundan
çətinlik çəkənlər ali məktəbə hazırlaşan şagirdlərdir. Bu şagirdlərə
imtahanqabağı ciddi zərbədir. Açıq-aşkar aldıqları təhsildən şagirdlər birbaşa
uzaqlaşdırılır».
Müsavat Partiyasının Sumqayıt şəhər
təşkilatının sədri Fəxrəddin Abbas şagirdlərin dərslərdən çıxarılmasını
qanunsuzluq adlandırdı: «Hər il Sumqayıtda bu hal baş verir. Bu, tamamilə
qanunsuzdur. Tapşırıq birbaşa icra hakimindən gəlib. Adətən bu, yuxarı
siniflərə aid olur. Sovet dövründə də belə hallar baş verirdi. Yəni o dövrdən
qalma bir psixologiyadır. Heç kimin, hətta direktorun belə şagirdi dərsdən
buraxmağa, icazə verməyə, bəzi hallar istisna olmaqla, ixtiyarı yoxdur.
Azərbaycan kinolarından da bunu
görmüşük. Polislər müəllimi həbs etmək istəyirlər. Müəllim «qoy dərsimi
bitirim, sonra həbs edərsiniz» - deyir. Amma bunlar ona baxmırlar. Direktor və müavinləri, hərbi hazırlıq, bədən
tərbiyəsi müəllimlərinin iştirakı ilə bu proses həyata keçirilir. Bu
hakimiyyətin vaxtında hər il Sumqayıtda paradla bağlı şagirdlər dərs
prosesindən uzaqlaşdırılır
Sumqayıt Şəhər İcra Hakimiyyətinin və təhsil şöbəsinin münasibətini dərc etməyə hazırıq.