Vaxt.Az

Etiraz edənlərə həbs cəzası


 

Almaniyada hava limanında uçuş-enmə zolağına icazəsiz daxil olmaq qadağan olunur

Etiraz edənlərə həbs cəzası Almaniya hökuməti ölkə hava limanlarının uçuş-enmə zolağına daxil olan və etiraz aksiyaları keçirən şəxslərə həbs cəzası vermək qərarına gəlib. Nazirlər Şurasındakı hazırlanan yeni qanun layihəsinə görə, hava limanının uçuş-enmə zolağına icazəsiz girən və ya buna cəhd edən hər kəsi iki ilə qədər həbs və ya ağır pul cəzası gözləyir.

Təyyarənin yerləşdiyi əraziyə icazəsiz qəsdən daxil olma, silah və ya zəhərli maddələr gəzdirmə və ya başqa cinayətin törədilməsinə şərait yaratdıqda 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Daxili İşlər Naziri Nensi Fizer, mövzu ilə bağlı açıqlamasında, iqlim fəallarının əllərini uçuş-enmə zolağına yapışdıraraq etdikləri hərəkəti nəzərdə tutaraq, “hava limanı obyektlərinə icazəsiz girən hər kəs əllərini enmə-qalxma zolaqlarına və ya taksi yollarına (bir zolağı digəri ilə birləşdirən yol – Taxiways) yapışdırır və beləliklə hava trafikinə əhəmiyyətli dərəcədə maneə törədərək təkcə öz həyatlarını deyil, başqalarının da həyatını riskə atır”, – deyib.

Nəqliyyat naziri Volker Uissing də fəalları çəkindirmək və cari səyahət mövsümündə maneələrin qarşısını almaq üçün qanunun bu şəkildə sərtləşdirilməsi qərarını müdafiə edib.

Qanun layihəsinin qüvvəyə minməsi üçün Bundestaq tərəfindən təsdiqlənməlidir.

Almaniyada daha əvvəl Münhen və Berlin-Brandenburq hava limanlarının uçuş-enmə zolaqlarında iqlim fəalları tərəfindən icazəsiz aksiyalar keçirib və nəticədə bir çox təyyarənin enib və qalxması dayandırılıb.

 





17.07.2024    çap et  çap et