Vaxt.Az

Güneydə millətçi olmayanı adam saymırlar


 

Yaxud İranı Amerika kimi danışdıran ermənilər

Güneydə millətçi olmayanı adam saymırlar 1979-cu ildə baş vermiş İran İslam İnqilabından üzü bəri ABŞ-İran münasibətləri yumuşaq desək qarşılıqlı nifrətə söykənib. Ancaq bu iki ölkənin də bəzi məsələlərə baxışı yüzdə-yüz üst-üstə düşür. Məsələn, İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyir ki, Qarabağ erməniləri Qarabağı könüllü şəkildə tərk etməyiblər. Onların Qarabağa dönüşü təmin olunmalıdır.

Zatən cənab Sobhani dəfələrlə bu tip bəyanatlar verib. Necə olur ki, bir-birinə düşmən olan ABŞ və İran erməni məsələsində demək olar ki, eyni mövqedən çıxış edirlər. Səbəb çox sadədir. Hər iki ölkə erməni məsələsindən Azərbaycan və Türkiyəyə, bütövlükdə isə Türk Dünyasına qarşı istifadə etməyə cəhd edirlər. Eyni fikir Avropa Birliyi haqqında da keçərlidir. Xüsusən Fransa və Hollandiya bu mənada daha radikal mövqelərə sahibdir.

Bu kimi hücumların qarşısını almaq üçün Azərbaycan Fransanın keçmiş müstəmləkələrini onun üzərinə qaldırır. Hollandiyanı da eyni aqibət gözləyir. Belə şey ola bilməz ki, sən gecə-gündüz demokratiyadan, insan hüquqlarından dəm vurasan və müstəmləkəçilik siyasətini davam etdirəsən.

Əminəm ki, bu variantdan tezliklər Rusiya və Çin də daha geniş miqyasda istifadə edəcək. Çünki bu, Qərbin ən zəif yeridir. Məhz Azərbaycan bu zəif yeri ortaya çıxarıb.

Hazırda İranla Azərbaycan arasında münasibətlərdə müəyyən yaxınlaşma müşahidə olunur. İranın soydaşımız olan prezidenti Məsud Pezeşkiandan əvvəl də, yəni Seyid İbrahim Rəisi iqtidarının son günlərində də bu münasibətlər müsbətə doğru inkişafda idi. İndi isə bu münasibətlərin bəlli səbəbdən daha da dərinləşcəyi ehtimal olunur.

Problem ondadır ki, bölgədən yerləşən 3 ölkə-İran, Türkiyə və Rusiya keçmiş imperiyalardır. Hazırda bu ölkələrin üçündə də fərqli ideologiyalara söykənir. Demokratik Qərbdə də ölkələr arasında müəyyən ziddiyyətlər var. Ancaq bu ziddiyyətlər bizim bölgədəki kimi kəsin deyil. Məsələn, İran ilə Azərbaycanın münasibətləri necədir? İranın dini elitası Azərbaycanı İraq, Suriya, Livan, Yəmən kimi İrana müti bir ölkə kimi görmək xəyalındadır. Yəni İran öz nüfuzunu Azərbaycana şiə ideologiyası üzərindən yeritməyə çalışır. Azərbaycan isə Türkiyəni də yanına alaraq İrana türk amili üzərindən basqı göstərir. İrana hazırda hakim olan fars şovinistləri yaxşı başa düşürlər ki, “kim-kimi” məsələsi ortadadır. Ya farslar, ya da türklər bu qarşıdurmadan qalib çıxacaqlar. Yəni tərəflər arasında tarixdən gələn antaqonist ziddiyyətlər var.

Əslində İran bizə Türkiyədən yaxın ölkədir. İran coğrafiyasında bizim şah babalarımız min il hökm edib. Çağdaş İran dövlətində bizim-türklərin haqqı farslardan qat-qat çoxdur. Problem ondadır ki, biz İran tac-taxtına nəzarəti öncə Pəhləvilərə, daha sonra isə Ruhullah Musəvi Xomeyniyə uduzduq. Yaxşı olan odur ki, biz bu məğlubiyyətlə barışmadıq və mübarizə davam edir.

Vaxt var idi Iranda türk millətçilərini barmaqla saymaq olardı. İndi isə millətçi olmayanı heç adam saymırlar. Fakt budur ki, bölgəmizdə və bütövlükdə dünyada türk amili getdikcə daha böyük məna kəsb etməkdədir. XXI əsrin Türk əsri olacağına şübhə edənlərin sayı getdikcə azalır. Özü də sürətlə...

 





19.07.2024    çap et  çap et