Trampla həmyaşıd olan 78 yaşlı respublikaçının çıxışlarında həm Trampın, həm də 81 yaşlı Baydenin bu vəzifə üçün çox qoca olması ilə bağlı zarafat etməsi məlumdur. Bir şahid “USA Today”ə bildirib ki, Buş ən azı bir çıxışında “mən hər iki namizəddən də gəncəm və çox qocalmışam” deyib.
Təqaüd günlərinin çoxunu rəsm çəkərək keçirən Buş əvvəllər Tramp və Bayden haqqında bəzi fikirlərini bildirmişdi. Buşun 2020-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürən Trampı dəstəkləmədiyi bildirilib.
Ağ Evin keçmiş sözçüsü Buşun susmasına bəraət qazandırıb. Ari Fliçer “USA Today”ə “Prezidentin işi kifayət qədər çətindir”, – deyib.
Buş, demək olar ki, heç vaxt Trampın adını ictimaiyyət arasında çəkməsə də, şənbə günü Pensilvaniyada keçmiş prezidentə sui-qəsd cəhdindən sonra nadir bir istisnaya yol verib.
“Laura və mən şadıq ki, prezident Tramp sağ-salamatdır. Və biz Məxfi xidmət əməkdaşlarının sürətli reaksiyasını yüksək qiymətləndiririk”, – Buş “X”də sosial mediasında paylaşdığı bəyanatda deyib.
İki keçmiş Respublikaçı prezidentin siyasətləri və ideyaları arasında təəccüblü fərqlər var. Tramp 11 sentyabr terror aktından sonra Buşun Yaxın Şərqdəki fəaliyyətini və ABŞ qoşunlarının Əfqanıstana, oradan da İraqa daxil olması əmrini pislədiyini açıq şəkildə bəyan etmişdi.
Buş Əl-Qaidə terrorçuları ilə 2021-ci il yanvarın 6-da ABŞ Konqresinə basqın edən siyasi ekstremistlər arasında üstüörtülü müqayisə aparanda Tramp qəzəblənərək demişdi: “Onun vaxtında Dünya Ticarət Mərkəzi dağıdıldı. Buşun prezidentliyi uğursuz və sönük idi. O, heç kimə mühazirə oxumamalıdır!”
Vəzifədən getdikdən sonra Buş dəstəklədiyi respublikaçı namizədlər üçün onlarla şəxsi ianə kampaniyaları həyata keçirib.
O, 2016-cı ildə Respublikaçıların vahid namizəd Trampla rəqib olan qardaşı Ceb Buşun mitinqlərindən birində iştirak edərək onu açıq şəkildə dəstəkləyib.
Buş Trampın qələbəsindən sonra inauqurasiya mərasimində iştirak edib, lakin yeni prezidentin tədbirdəki çıxışından sonra digər iştirakçılarla zarafatlaşaraq “olduqca qəribə idi” deyibmiş.