O çağlar həftənin ikinci və dördüncü günləri Elmlər Akademiyası institutlarında yaradıcılıq günü sayılırdı və əməkdaşlara icazə verilirdi ki, kitabxanalarda, ya evlərində yazı-pozuları ilə məşğul olsunlar. Fəqət xeyli əməkdaş çalışan və başqa günlərdə səs-küylü olan şöbəmizin nisbətən sakit olduğu çərşənbə axşamı və cümə axşamı Əlibala müəllimlə mən hökmən otaqda olar, yazılarımızı işlərdik.
Elə təzə yazılarımızın ilk oxucuları da özümüz idik.
Mən onun yazdıqlarını, o mənim yazdıqlarımı oxuyardı.
Əlibala Hacızadənin sonra bütün Azərbaycan boyu əl-əl gəzəcək “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Vəfalım mənim” romanlarını mən hətta makinada çap edilməzdən əvvəl onun səliqəli xəttindəki əlyazmalarından oxumuşdum.
O illərin o qədər xatirəsi var ki, hamısını yazacaq olsam, elə ayrıca bir kitab olar.
...Əlibala müəllimin qızlarından lap çoxdan xahiş etmişdim ki, onunla bağlı xatirə əşyalarını, müəyyən sənədləri gətirsinlər ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində dəyərli yazıçımız və şərqşünas alimə yaraşan bir güşə düzəldim.
İllərcə dəfə-dəfə təkrarladığım xahiş nəhayət ki, qızları hərəkətə gətirdi.
2024-cü ilin bu iyul günlərində Əlibala Hacızadənin qızı, jurnalist Asya xanım atası ilə əlaqədar bir neçə yadigarı, xeyli fotoları gətirdi. Onların arasında bu foto da vardı.
1980-ci ildə çəkilib. Əlibala müəllimlə ikimizik, Elmlər Akademiyasının Cavid prospektindəki əsas binasının qarşısındayıq. Sol tərəfdə uzaqdan qaldırıcı kran görünür – indi insanların hər gün yanından keçdikləri, elə həmişə burdaymış kimi saydıqları İnşaat mühəndisləri institutunun yeni korpusu tikilməkdədir.
Ancaq kadrda görünməyənlər də var.
Şərşünaslıq və Ədəbiyyat institutlarından olan bir neçə dostumuz gözləyirlər. Danışmışıq, yaxınlıqdakı “Ceyran” restoranında şam edəcəyik.
Əlibala müəllimlə bu şəkilimizin əslində daha bir neçə variantı olmalıdır. Çünki bu fotoda hələ kameraya baxmıram. O vaxt siqaret də çəkirdim. Son qullabları vurub daha səliqəli dayanacağam. Fotoaparatın düyməsi basılacaq, an əbədiləşəcək.
Yanıb-qurtaran o siqaret kimi ötən günlər də tüstü kimi uçub gedib.
Amma nə o günlər, nə də Əlibala müəlimə bağlı xatirələr unudulandır.
Nə qədər varam, mənimlədirlər!
Elə bu şəkilə baxa-baxa da qayıdıram indi xeyli uzaqlarda qalan o axşama, foto danışmağa, yada salmağa başlayır, bircə an içində qırx ildən artıq vaxt məsafəsi yox olur, dünən və dünəndəkilər dirilir...
19 iyul, 2024