Amma biz də çörəyi qulağımıza yemirik də, problemlərini çox dərin bildiyimiz sahədir, ölkə futbolunda fundamental islahatlar başlamayınca, futbola çox böyük pullar yatırılmayınca, uşaq futboluna sahələr üzrə Avropadan onlarla mütəxəssis, peşəkar dəvət edilib Respublika boyu Avropa Futbol Fabriki qurulmayınca, çətin ki bu, baş tuta.
Uşaq futbolunda bütün yaş qrupları üzrə çempionatlarda özümüz-özümüzlə oynamaqla, məşqçi Hacıyevskinin gileyi kimi, BEYNƏLXALQ SƏVİYYƏLİ FUTBOLÇULAR yetişdirə bilməyəcəyik, mümkün deyil, yoxdur oxşar praktikası. Təkcə premyer-liqa klublarının akademiyaları yox, ölkədə top qovan bütün uşaqlar, onların məşqçiləri Futbolun Vahid İnkişafı Konsepsiyasına bağlanmalıdır. Əvvəlcə isə bu konsepsiya hazırlanmalıdır. Kim edəcək bunu?
Elementar bir misal çəkəcəm. Bu gün Azərbaycanın güləş, cüdo və ya boks məşqçilərini, mütəxəssislərini ölkədən kənara çıxarsaq, bütün Avropanın, Amerikanın müvafiq federasiyaları həmin mütəxəssisləri “hop” deyə göydə götürəcəklər, hətta onların üstündə dava da düşəcək. Niyə? Çünki son 20 ildən çoxdur beynəlxalq yarışlarda uğurları var, yetişdirdikləri idmançılar davamlı olaraq Avropa, Dünya çempionları, Olimpiya mükafatçılarıdır.
Gəlin, indi bu müqayisəni futbolumuzla bağlı aparaq. Ciddi beynəlxalq uğur qazanmış məşqçilərimiz varmı? Yoxdur. O zaman beynəlxalq miqyasda uğur qazanmağın sirlərini bizim uşaqlar, yeniyetmələrimiz kimdən, haradan öyrənsinlər? Biz əvvəlcə bilməliyik ki, Avropa futbolu nədir, onu necə oynamaq lazımdı ki, uğur qazanaq? Bunun üçün isə avropalılarla işləməkdən başqa çarəmiz yoxdur, əfəndilər.
TV-lərə bir dəfə də olsun problemlərin əsil mahiyyətini açan və ən doğru olan inkişaf, tərəqqi yollarını göstərən mütəxəssis dəvət etmirlər. Danışanların çoxu detallarla məşğuldur, gerçək mahiyyəti dilə gətirə bilmirlər, ya danışmaq istəmirlər, ya da ağılları ora qədər kəsmir, inciməsinlər.
Futbolumuzun düşdüyü böhrandan çıxarılması işi federasiyada oturan bir qrup adamın inhisarında həll oluna bilməz, bu, heç mümkün də deyil, işinə məsuliyyətlə yanaşan, çox ciddi, böyük bir Böhran qrupuna ehtiyac var.
Bu yazının mövzusu deyil deyə, çox uzatmağa gərək görmürəm.
Yalnız sadə bir sual verəcəm: hörmətli Santuş kiminlə düzəldəcək Avropa Çempionatına çıxartmaq istədiyi milli komandanı? Bütün klublarımız məğlubiyyətləri sıralayır, millimizin son vəziyyəti də göz qabağındadır.
Axı nə ilə də, kimlərlə işləyəcək?! Fokus-mokus edəcək? Özümüzü aldatmayaq. Yəni bu iş alınan deyil, 16 milyon avro (təxminən 30 milyon manat) da batıb gedəcək, arada qoca Santuş şəxsi büdcəsini dolduracaq, vəssalam.
Uduzan və itirən isə yenə Azərbaycan futbolu olacaq. Yenə günlər, həftələr, aylar, hətta illər uçan quşlar kimi qanad çalıb əlimizdən çıxacaqlar. Daha bir dörd ili boşuna xərcləyəcəyik...
Halbuki futbolun gerçək inkişafını istəyiriksə, bu pulun yarısına İkinci Liqada çıxış edən 5 region klubunu köklü şəkildə düzəltmək və Birinci Liqaya yolunu açmaq olardı. Konsept şəklində. Əsaslı, hərtərəfli maddi-texniki baza, infrastruktur, inkişaf konsepsiyası, onu həll edəcək maliyyə və futbol menecmentini bilən kollektiv olduqdan sonra isə, klublar özləri də bir inkişaf tempi yaxalayıb irəliləyəcəklər Premyer Liqaya. Bir sözlə, etmirlər, etmək istəmirlər, ya da ağılları kəsmir.
Ya da ki...
Siz necə düşünürsüz, ağalar?