Tayvan illik Han Kuanq hərbi təlimlərinə başlayıb. Bu il təlimlərin real müharibəyə mümkün qədər yaxın olması və Çin hücumunu necə dəf edəcəyini simulyasiya etmək məqsədi daşıyır.
“Reuters”in məlumatlarına görə, Tayvanın builki təlimləri ssenarili atəş gücü nümayişi kimi daha dəbdəbəli elementləri aradan qaldıracaq və hərtərəfli gecə təlimləri və komanda əlaqəsi pozulduğu təqdirdə necə hərəkət etmək barədə variantları əhatə edəcək.
Tayvanın Taitunq şəhərində illik təlimin ilk günü başlayan kimi təlim təyyarəsi hərbi bazaya eniş edib.
Taypeydən kənarda və Tayvanın əsas beynəlxalq hava limanının yerləşdiyi şimaldakı Tao Yuan şəhərində təlimlərin başlanğıcında ehtiyatda olan hərbçilər müharibə zamanı olduğu kimi təlimdə iştirak etmək üçün toplanıblar.
Ordu gün ərzində Taypeydəki böyük limanda müdafiə təlimi keçirəcək.
Tao Yuan hava limanı təlimlər üçün cümə axşamı səhər bir saat bağlanacaq. Lakin həmin gün adaya tayfun fırtınasının gəlməsi gözlənilir ki, bu da təlimlərin təxirə salına biləcəyini göstərir.
Canlı güllələrlə atışma təlimləri yalnız Çin sahillərinə yaxın yerləşən və Soyuq müharibə zamanı ara-sıra toqquşmalara səhnə olan Tayvanın ucqar Kinmen və Matsuo kimi adalarında keçiriləcək.
Beş günlük müharibə oyunları Vanan şəhərində mülki müdafiə təlimləri ilə eyni vaxtda keçiriləcək və yarım saat ərzində böyük şəhərlərin küçələri boşaldılacaq və Çinin simulyasiya edilmiş raket hücumu zamanı cib telefonları sınaq siqnalları verəcək.