Vaxt.Az

“Zəng edəndə az qala ... öpürlər”


 

Donald Tramp və qızı İvanka keçmişdə Kamala Harrisə minlərlə dollar ianə edib

“Zəng edəndə az qala ... öpürlər” Donald Tramp və Kamala Harris arasında mümkün prezidentlik yarışı üfüqdə göründükcə, ikilinin ortaq siyasi tarixinin unudulmuş bir fəsli yenidən gündəmə gəlir.

Tramp 2011-2017-ci illər arasında Kaliforniya Baş prokuroru vəzifəsində çalışmış Harrisin 2011-2013-cü illərdəki kampaniyalarına 6 min dollar bağışlayıb.

“The Washington Post”un əldə etdiyi qeydlərə görə, Trampın qızı İvanka Tramp da 2014-cü ildə Harrisə 2000 dollar bağışlayıb.

Həmin vaxt şərhçilər Donald Trampın ianələrinin Kaliforniyada sinif davası ilə üzləşən biznesmenin Tramp Universitetinin xeyrinə ola biləcəyini düşünürdülər.

Qəzetə görə, onun ofisi Harris vəzifədə olarkən bu işi davam etdirmədi, lakin Harris israr edir ki, ianə istəməyib və bu yardımlar baş prokuror kimi onun qərarlarına təsir etməyib.

“Sacramento Bee”nin o zamankı hesabatına görə, Tramp 2015-ci ildə prezidentliyə namizəd olduqdan sonra Harris öz ianəsini “Mərkəzi Amerikalılar üçün vətəndaş və insan haqlarını müdafiə edən” qeyri-hökumət təşkilatına bağışlayıb.

Əslində, Tramp ailəsinin həm Demokratlara, həm də Respublikaçılara, o cümlədən Kori Buker və Çak Şumer kimi sadiq liberallara ianə verməsinin uzun tarixi var.

“Bu, maraqlıdır: mən rəqiblərimə baxırdım. Vaxtilə onların əksəriyyətində mən öz töhfəmi vermişəm”, – Tramp bu sözləri 2016-cı ildə Ayova ştatında keçirilən seçki kampaniyası mitinqində öyünərək demişdi.

“Demokratlara bağışladım. Hillariyə də verdim. Hər kəsə hədiyyə etdim! Çünki bu mənim işimdi. Mən onlara verməliyəm. Çünki nəyisə istəyəndə onu alıram. Zəng edəndə az qala ... öpürlər”.

Müşahidəçilər bunun Trampın Nyu-York daşınmaz əmlak dünyasındakı keçmişinin kölgəsi olduğunu iddia edirlər. ABŞ-da məşhur biznesmenlərin siyasi şöhrət qazanmaq üçün hər iki tərəfə səxavətlə ianə verməsi adi haldır.

Kolumbiya Universitetinin jurnalistika professoru, “Tramplar: imperatorluq quran üç nəsil” kitabının müəllifi Qvenda Bleyr 2019-cu ildə “Politico”ya deyib: “Bu, prinsiplərdən, siyasi perspektivlərdən tamamilə müstəqil idi”.

Söhbət hakimiyyət rıçaqlarından gedirdi. Və bu dəyişməyib. Heç vaxt dəyişməyib.

 





22.07.2024    çap et  çap et