Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Çempionatın dördüncü günündə 70 və 86 kq sərbəst, 63 və 75 kq qadın güləşçilər mübarizə aparırdı.
Azərbaycan güləşçiləri sərbəst güləş
yarışlarında ölkəmizi təmsil edib.
70 kq-da yarışan Ruslan Dibirhacıyev 1/8
finalda Belarusdan olan Anton Afanasyevlə qarşılaşıb. Təmsilçimiz 10:2
hesabıyla qalib gəlib. 1/4 finalda o, macarıstanlı İstvan Qulyasa da 6:2
hesabıyla qalib gəlib. Dibirhacıyev yarımfinalda türkiyəli Yakup Görə 5:4
hesabıyla qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə Ruslan erməni
güləşçi Qriqor Qriqoryanla güləşib. 12:2 hesabıyla qalib gələn Ruslan Avropanın
ən güclüsü adını qazanıb.
86 kq çəki dərəcəsində mübarizə aparan
Həmzət Osmanov mübarizəyə 1/16 finaldan başlayıb. O, moldovalı Peter Yanulovu
çətinliklə məğlub edib. 1/8 finalda Həmzət türkiyəli Fırat Birincini
mübarizədən kənarlaşdırıb - 10:0. 1/4 finalda güləşçimiz macarıstanlı İstvan
Vereblə qarşılaşıb. Təəssüf ki, o, bu oyunda 1:4 hesabıyla məğlub olub. Vereb
də yarımfinalda uduzduğundan, Osmanovun bürünc medal qazanmaq şansı qalmayıb.
Xatırladaq ki, Azərbaycan yığması AÇ-2014-də artıq 5 medal qazanıb. Mariya Stadnik (48 kq) və Hacı Əliyev (61 kq) qızıl, İrina Netreba (58 kq), Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medala sahib çıxıb.
çap et