Vaxt.Az

İngilislər kisənin ağzını açır


 

24 yaşlı oyunçu üçün alman klubuna fantastik məbləğ təklif edilir

İngilislər kisənin ağzını açır Bu il istər İngiltərə Çempionatında, istərsə də Çempionlar Liqasında işləri heç də yaxşı getməyən «Manchester United» klubu yeni mövsüm üçün heyətini gücləndirmək qərarına gəlib. Bu məqsədlə baş məşqçisi David Moyes növbəti ildə bir çox təcrübəli isimləri komandasında görmək istədiyini klub rəhbərliyinə bildirib.

Vaxt.az İngiltərə mətbuatına istinadən bildirir ki, «Manchester United» 24 yaşı olmasına baxmayaraq kifayət qədər təcrübəli Toni Kroosun transferi üçün Almaniyanın «Bavariya» klubuna 40 milyon funt sterlinqlik astronomik məbləğdə təklif irəli sürüb. Bildirək ki, 1.82 boyunda olan  oyunçunun müqaviləsi 2015-ci ildə başa çatacaq. Bunu nəzərə alan alman klubunun idarəçiləri çox güman ki, ingilislərin 66,37 milyon dollarlıq təkliflərinə yox deməyəcək.

Qeyd edək ki, 8 ildir «Bavariya»nın uğuru üçün tər tökən (2009-2010 mövsümündə «Bayern Leverkusen»ə icarəyə verilib 43 oyunda 10 dəfə fərqlənib) yarımmüdafiəçi 126 oyunda 13 dəfə qol sevinci yaşayıb. 2010-cu ildən isə Almaniya əsas millisinin heyətinə çağırılan Kroos 42 dəfə bu formanı əyninə geyinib, rəqiblərini 5 dəfə oyunu mərkəzdən başlamağa məcbur edib.

 





05.04.2014    çap et  çap et